XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Asteroid qrafiti almazlara çevirib: Zərbənin izi 100 kilometrə qədər uzanır
Dünya19:28 30.09.2026

Asteroid qrafiti almazlara çevirib: Zərbənin izi 100 kilometrə qədər uzanır

Təxminən 35 milyon il əvvəl diametri təqribən 7 kilometr olan asteroid Sibirin şimalına çırpılıb. Zərbə nəticəsində diametri təxminən 100 kilometr olan Popiqay krateri yaranıb. Bu, Yer kürəsində təsdiqlənmiş ən böyük dördüncü zərbə strukturudur.

Qaynarinfo xəbər verir ki, bu barədə "Discover Wildlife" yazıb.

Toqquşma o qədər güclü olub ki, həddindən artıq təzyiq süxurlarda olan qrafiti bir anda almazlara çevirib. Bu almazlara zərbənin episentrindən 13,6 kilometrədək məsafədə rast gəlinir. Bu daşların zərgərlik məmulatlarında istifadəyə yararsız olduğu ehtimal edilir, lakin alimlər onların sənayedə tətbiq oluna biləcəyini düşünürlər.

Krater Xatanqa qəsəbəsindən təxminən 300 kilometr şərqdə, Norilskdən isə 880 kilometr şimal-şərqdə, planetin ən əlçatmaz bölgələrindən birində yerləşir. Uzun müddət onun tədqiqi son dərəcə çətin olub. Ərazidə böyük almaz yataqlarının olması səbəbindən həmin ərazi də uzun müddət bağlı qalıb. Əhəmiyyətli irəliləyiş 1997-ci ildə keçirilən elmi ekspedisiyadan sonra əldə edilib.

Sonrakı araşdırmalar göstərib ki, Popiqay asteroidinin düşməsi təxminən eyni vaxtda daha iki böyük toqquşma – Çesapik və Tömj-Kanyon hadisələri ilə baş verə bilərdi. Bu tarixlər təsdiqlənərsə, asteroid qurşağında genişmiqyaslı pozulmanın baş verdiyini və bunun kosmik cisimlərin özünəməxsus "yağışına" səbəb olduğunu göstərə bilər.

Alimlər zərbəni eosen və oliqosen dövrlərinin sərhədində baş verən qlobal iqlim dəyişiklikləri ilə də əlaqələndirirlər. Bu dövr Antarktidada buzlaşmanın yaranması və heyvanlar aləminin tərkibində əhəmiyyətli dəyişikliklərlə müşayiət olunub. Kəskin soyumanın dəqiq səbəbi hələ də məlum deyil, lakin Popiqay kraterinin yaşı ilə bağlı yeni məlumatlar bu hadisələr arasında mümkün əlaqə barədə fərziyyələri gücləndirir.

Aydın