Dünyada 10–39 yaş aralığında olan kişilər ən çox yol-nəqliyyat qəzaları nəticəsində həyatlarını itirirlər. Bu qənaətə “Global Burden of Disease” layihəsi çərçivəsində 1990–2023-cü illər üzrə 204 ölkənin məlumatlarını təhlil edən beynəlxalq tədqiqat qrupu gəlib.
Qaynarinfo xəbər verir ki, araşdırma “The Lancet Public Health” jurnalında dərc olunub.
33 il ərzində dünyada yol təhlükəsizliyi yaxşılaşıb: yol-nəqliyyat xəsarətlərinin göstəricisi 38,3 faiz, onlardan ölüm halları isə 32,3 faiz azalıb. Lakin mütləq rəqəmlər hələ də yüksək olaraq qalır. Təkcə 2023-cü ildə yol qəzaları təxminən 1,34 milyon insanın ölümünə və 50 milyondan çox xəsarətə səbəb olub. 20–24 yaşlı kişilər arasında bütün ölüm hallarının təxminən 20,7 faizi yol qəzalarının payına düşüb ki, bu da il ərzində təxminən 98 min hadisə deməkdir.
“Uzunmüddətli perspektivdə yollarda təhlükəsizlik həqiqətən yaxşılaşır, lakin bu proses olduqca qeyri-bərabər gedir. Yol qəzalarının nəticələrinə təkcə qəzanın özü deyil, həm də yolların vəziyyəti, avtomobillərin təhlükəsizliyi, qaydalara riayət olunması və zərərçəkənin tibbi yardımı nə qədər tez alması təsir göstərir”, deyə tədqiqatın həmmüəllifi, Milli Tədqiqat Universiteti – Ali İqtisadiyyat Məktəbinin professoru Vasili Vlasov bildirib.
Bir çox ölkədə “Vision Zero” və “Safe System” konsepsiyaları tətbiq edilir. Bu yanaşmalar yollarda insan səhvinin qaçılmaz olduğunu əsas götürür və sistemi elə qurmağı nəzərdə tutur ki, insanın səhvi ölümə səbəb olmasın.
Ümumi irəliləyiş bütün ölkələrdə vəziyyətin yaxşılaşması demək deyil. Son onillikdə altı ölkədə yol qəzalarından standartlaşdırılmış ölüm göstəricisi əksinə, əhəmiyyətli dərəcədə artıb. ABŞ-da bu göstərici 13,2 faiz, Qanada isə 48,5 faiz yüksəlib.
Müəlliflər vurğulayırlar ki, nəticə dövlətin təhlükəsizlik tədbirlərinin bütün kompleksini nə dərəcədə ardıcıl tətbiq etməsindən asılıdır. Hazırda əsas vəzifə səmərəli təcrübələri yollarda ölüm riskinin hələ də xüsusilə yüksək olduğu ölkələr üçün əlçatan etməkdir.
Yol-nəqliyyat xəsarətləri uzun müddətdir dünyada gənclər arasında əsas ölüm səbəblərindən biri hesab olunur və xüsusilə kişilər daha yüksək risk qrupundadır. Hər il on milyonlarla insan xəsarət alır və onların bir çoxunda əlillik yaranır. Gənclərin ölümü isə iqtisadiyyata da ciddi təsir göstərir, çünki cəmiyyət əmək qabiliyyətinin ən yüksək olduğu yaşda insanlarını itirir.
Məhz buna görə yollarda təhlükəsizlik yalnız nəqliyyat məsələsi deyil, həm də mühüm ictimai səhiyyə problemi hesab olunur.
Aydın
Şərhlər