“Gloria Jean's” kofe restoranının terrasında müştərinin çantasını oğurlayan şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1992-ci il təvəllüdlü V.S. Bakı şəhərinin Səbail rayonunda baş verən hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib.
Məhkəmə müəyyən edib ki, V.S. 2025-ci ildə saat 16 radələrində “Gloria Jean's” kofe restoranına bitişik terrasta masanın üzərində nəzarətsiz vəziyyətdə olan çantanı görüb. Ətrafda heç kimin olmadığından əmin olduqdan sonra çantanı götürərək hadisə yerindən uzaqlaşıb.
Çantanın içərisində 5 manat pul, 1300 manat dəyərində “iPhone 14 Pro” mobil telefon, 10 manat dəyərində mobil nömrə, BMW markalı avtomobilin açarı, sürücülük vəsiqəsi, bank kartları və digər əşyalar olub. Ümumilikdə zərərçəkmiş şəxsə 1365 manat maddi ziyan dəyib.
V.S. ifadəsində bildirib ki, işsiz olduğu və pula ehtiyacı olduğu üçün çantanı götürüb. Daha sonra telefon vasitəsilə çantanın sahibi ilə əlaqə saxlayıb. Zərərçəkmiş şəxs ona çantanı qaytarması üçün 50 manat göndərib. V.S. isə çantanı digər əşyalarla birlikdə qaytarsa da, 5 manat pulu və “iPhone 14 Pro”nu özündə saxlayıb.
O, həmin gün telefonu tanımadığı şəxsə 300 manata satdığını və telefonun üzərindəki nömrəni sındıraraq atdığını bildirib.
Məhkəmədə zərərçəkmiş şəxs V.S.-yə qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirib.
Məhkəmə V.S.-nin əməlindən səmimi peşman olmasını, dəymiş ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib. Ağırlaşdırıcı hal müəyyən edilməyib.
Məhkəmə V.S.-ni CM-nin 177.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib. Lakin onun bu cinayəti Xətai Rayon Məhkəməsinin 2026-cı il tarixli hökmündən əvvəl törətdiyi müəyyənləşdirildiyindən, həmin cəza əvvəlki hökmlə verilmiş 1 illik azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanıb.
Nəticədə V.S.-yə 2 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Tutulduğu 2 gün müddət isə 4 gün hesablanaraq cəzadan çıxılıb və üzərində 2 il 1 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.
Aydın
Şərhlər