İnsanlıq çoxdan bilirdi ki, kainat sonsuz deyil. Lakin onun "ömür müddəti"nin daha qısa olduğu ilə bağlı yeni məlumatlar, elm dünyası üçün əhəmiyyətli yenilik sayılır. Hərçənd bu proqnozlar dəyişir, yenə də Yer üzündə həyatın dadını çıxarmaq üçün vaxtımız var.
Qaynarinfo xəbər verir ki, bu barədə "Econews" yazır.
Kainatın gələcəyi necə olacaq və bu bizə necə təsir edəcək?
Alimlərin uzun illərdir üzərində düşündüyü "milyon dollarlıq sual" budur: kainatın sonu necə olacaq? Fərziyyələr müxtəlifdir: bəlkə, o, sonsuzadək genişlənəcək? Yoxsa bir nöqtədə sıxılaraq "çökəcək"? Ya da, bir ulduz kimi sönərək, hər şey qaranlığa qərq olacaq?
Bu sualın cavabı hələ də dəqiq məlum deyil. Əvvəllər hesab olunurdu ki, kainat demək olar, sonsuzadək mövcud olacaq - daha dəqiq desək, alimlər onun 10 üstü 1100 il (10¹¹⁰⁰) var olacağını təxmin etmişdilər. Lakin yeni elmi tapıntılar bu sonun əslində daha yaxın olduğunu göstərir.
Hokinq burada necə rol oynayır və niyə haqlı çıxdı?
1970-ci illərdə, dəqiq desək, 1975-ci ildə Stiven Hokinq "Hokinq şüalanması" kimi tanınan bir nəzəriyyə irəli sürüb. O, qara dəliklərdən zərrəciklərin və radiasiyanın çıxa biləcəyini, bunun da nəticə etibarilə həmin obyektlərin yavaş-yavaş buxarlanaraq yox olmasına səbəb olduğunu bildirirdi. Maraqlıdır ki, bu fikir Eynşteynin baxışları ilə ziddiyyət təşkil edirdi. Eynşteynə görə, qara dəliklər yalnız böyüyə bilər.
Ancaq bu gün məlum olur ki, təkcə qara dəliklər yoxa çıxmır - Hokinq şüalanmasının təsiri ilə hər hansı cazibə sahəsinə malik obyektlər, o cümlədən neytron ulduzları və ağ cırtdanlar da eyni şəkildə buxarlana bilər.
Bu nəzəriyyə əsasında tədqiqatçılar kainatın ömrünü yenidən hesablayıblar və yeni nəticə əldə ediblər - 10⁷⁸ il. Bəli, bu hələ də ölçüyəgəlməz dərəcədə böyük rəqəmdir, lakin əvvəlki proqnozlarla müqayisədə trilyonlarla dəfə qısadır. Kainatın tənəzzülü gözləniləndən qat-qat sürətlidir.
Baxmayaraq ki, bu tapıntı ilk baxışdan qorxuducu görünə bilər, nəzərə almaq lazımdır ki, hələ qarşıda trilyonlarla il var. Tədqiqatda təsvir olunan proseslər o qədər uzaq gələcəkdə baş verəcək ki, onları təsəvvür etmək belə çətindir – insanlıq üçün hər hansı bir təsiri hiss olunası deyil.
Aydın
Şərhlər