Ölkə 13:46 27.05.2022

İnformasiyanın ötürülməsi milli təhlükəsizlik məsələsidir – Baş redaktor

(Yazı "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusu üzrə hazırlanıb)

Müasir dövrdə hər bir cəmiyyətin inkişafı ilk növbədə informasiya və kommunikasiya texnologiyalarının inkişafından keçir. İnformasiya və kommunikasiya texnologiyaları sektorunda əsas katalizator rolunda çıxış edən sahə isə şübhəsiz ki, media sahəsidir. Bütün digər sahələrdə olduğu kimi, media sahəsi də günün tələblərinə cavab verərək, daim inkişaf etməlidir. 

Bunun nəticəsidir ki, Azərbaycanda 1999-cu ildə qəbul olunan, "Kütləvi informasiya vasitələri haqqında” qanuna bu günə qədər 79 dəfə dəyişiklik edilib. Keçən ilin sonlarında Azərbaycanda "Media Haqqında” qanunun qəbulu da bu yolda atılan müsbət addımlardandır. Belə bir qanunun qəbulunda məqsəd informasiya təhlkəsiziliyini artırmaq, medianın fəaliyyətini inkişaf etdirmək və stimullaşdırmaqdır.

Amma ölkəmizdə media sahəsində həyata keçirilən çoxsaylı dəyişikliklərdən sonra da cəmiyyətin daim inkişafı bu prosesdən geri qalmamaq üçün həmin sahədə də yeni-yeni addımların atılmasını vacib edir. 

Məsələ ilə bağlı Qaynarinfo-ya danışan "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı təəssüflə bildirir ki, informasiya və kommunikasiya texnologiyaları sahəsində atılan addımların çağdaş dövrün tələblərinə uyğun atılmasına Azərbaycan mediasının qatılması imkanları təəssüf ki, o qədər də böyük deyil:

"İnformasiya-kommunikasiya texnologiyaları sahəsində media mühüm yer tutur. Bütün dövlət strukturları elektronlaşdırılır, elektron xidmətlərə keçid prosesi gedir. Yeni texnologiyaların gəlişilə öz növbəsində mediada da yeni imkanlar yaradıb. Jurnalistika sahəsində yeni istiqamətlər yarandı. Artıq sərhədsiz xəbər ötürülməsinin şahidiyik. Merdia müstəvisində, jurnalistika sahəsində hazırlanan məhsulların sərhədsiz ötürülməsi prosesinə keçmişik.  

Bununla belə, ölkəmizdə media sahəsində də hələ bir çox yeni addımların atılmasına ehtiyac var. Ölkəmizdə bu sahədə müəyyən biliklər olsa da, təcrübə hələ ki o qədər də geniş deyil. Bu istiqamət üzrə media müstəvisində hələ görüləcək xeyli işlər var”. 

Baş redaktorun fikrincə, saytların, informasiya portallarının quruluşundan, hazırlanmasından tutmuş, xəbərlərin bazarlanması sahəsində standartların hələ də oturuşmadığının şahidiyik: 

"Bu baxımdan Azərbaycanda texniki biliklər sahəsində müəyyən mütəxəssislərə ciddi ehtiyacımız var. Həmin istiqamətdə bəzi işlər də görülür. Dövlət özü də həmin istiqamətdə müəyyən addımlar atır. Amma hələ də internetin sürət azlığı, keyfiyyətsizliyi, dataların hansısa kənar ölkələrdə yerləşdirilməsi, milli serverlərin Azərbaycanda aktuallığı kimi msələlərdə bəzi çatışmazlıqlar mövcuddur. Hesab edirəm ki, bu barədə də düşünməliyik. Çünki informasiyanın ötürülməsi həm də milli təhlükəsizlik məsələsidir. Data bazalarının, serverlərin bu mənada xarici ölkələrdə olması ilə yanaşı, ölkə daxilində internet xətlərindəki, internetin ötürülməsindəki problemlər öz həllini tapmalıdır”.

Rüfət Sultan
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.