Xəbər lenti

“İran İsrailə hücüm edərsə...” (ŞƏRH)
Dünya 12:39 07.11.2023

“İran İsrailə hücüm edərsə...” (ŞƏRH)

"Bu mesajın bir məqsədi var – İran və Hizbullahı prosesə müdaxilə etməkdən çəkindirmək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev ABŞ Prezident Adminstrasiyasının mesajını şərh edərkən deyib.

Ekspert bildirib ki, İsraillə HƏMAS arasında müharibənin başlanmasının ertəsi günü ABŞ özünün ən böyük təyyarə daşıyan gəmisini dərhal əraziyə göndərdi:
”Bu gəmiləri heç də HƏMAS-ı bombalamaq üçün göndərməmişdi. Təhlükə İsrailə qarşı kənar  həmlənin ola biləcəyilə bağlı idi. Bu fonda Hizbullah və İranın adı çəkilir. Tehran HƏMAS-ın addımını dəstəkləyən bəyanatlar verib. ABŞ Prezident Adminstrasiyasının İran və Hizbullaha xəbərdarlıq mesajları da gözlənilən idi. Onlar bununla həmin tərəflərə bəyan edirlər ki, kənardan İsrailə hücum olacağı təqdirdə, ABŞ dərhal ona reaksiya verəcək”.
 


Şərhçinin sözlərinə görə, Hizbullah prosesə qarışmaq istəyir:

”Onların lideri ikinci cəbhə açmaqla hədələyir. Bu mənada təhlükə hər zaman ola bilər. Nəticədə  situasiya nəzarətdən çıxa da bilər. Blinkenin Mahmud Abbasla görüşü göstərdi ki, müharibə Fələstin xalqı və dövlətinə qarşı deyil, HƏMAS-a qarşıdır. HƏMAS-ı da buna sövq edən qüvvələr var. Ona görə də hesab edirəm ki, ABŞ-ın verdiyi mesajlar heç də boşlu-boşuna deyil. Kənar dövlətlər prosesə müdaxilə etməyə cəhd edərsə, ABŞ tərəfindən dərhal onlara adekvat cavablar veriləcək”. 

Qeyd edək ki, ABŞ prezidenti Co Baydenin administrasiyası İran və Hizbullaha İsrailə hücum olacağı təqdirdə hərbi müdaxiləyə hazır olduqları barədə mesajlar çatdırıb. Bu barədə "The New York Times” Dövlət Departamentinin əməkdaşlarına istinadən məlumat yayıb. "İranla əlaqəli yaraqlılardan gələn hücumlar və təhdidlər tamamilə qəbuledilməzdir”, - Dövlət katibi Antoni Blinken deyib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->