Xəbər lenti

Siyasət 12:25 15.02.2024

"İrəvan sülh müqaviləsini imzalamaq istəməsə..." - Deputat

"İrəvan növbəti təxribatlara əl atsa, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsə, qanunvericilik bazalarına yenidən baxıb, bu istiqamətdə real addımlar atmasa, heç bir sülh müqaviləsi imzalanmayacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Prezident İlham Əliyevin andiçmə mərasimində sülh prosesilə bağlı səsləndirdiyi fikri şərh edərkən deyib.

Deputat bildirib ki, İrəvan sözdə sülhə razı olsa da, bu istiqamətdə heç bir konkret addım atmır:



"Fevralın 14-də Milli Məclisdə Prezident İlham Əliyevin andiçmə mərasimi keçirildi. Burada çıxışı zamanı o, geniş, əhatəli, proqram xarakterli məsələlərə toxundu. Prezident çox vacib, mühüm məsələləri qaldırdı. Bunların sırasında da ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərilə bağlı məqamlar yer aldı. Prezident açıq şəkildə bildirdi ki, sülh müqaviləsinin mətnini Azərbaycan hazırlayıb, baza prinsiplərini həmçinin Bakı işləyib. İrəvan sözdə sülhə razı olsa da, bu istiqamətdə heç bir konkret addım atmır. Əksinə, növbəti təxribatlara əl atır. Görünən odur ki, yenə də Ermənistana pis məsləhət verən tərəflər var. Bu da erməniləri ruhlandırır və yenidən hərbi təxribatlara əl atırlar. Ancaq ermənilərin bu cəhdlərinin heç bir nəticəsi olmayacaq. Azərbaycan iki dəfə Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur edib. II Qarabağ müharibəsi və bir neçə saatlıq davam edən antiterror əməliyyatı nəticəsində Ermənistan tam darmadağı edildi".
 
Elman Nəsirov bildirib ki, İrəvan növbəti dəfə təxribatlara əl atsa, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsə, bununla bağlı qanunvericilik bazalarına yenidən baxıb, bu istiqamətdə real addımlar atmasa, heç bir halda sülhdən söhbət getməyəcək, heç bir sülh müqaviləsi imzalanmayacaq:

"Bizim prinsipial və qəti mövqeyimiz belədir".

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymasa, öz qanunvericiliyini  normal qaydaya salmazsa, sülh müqaviləsinin də olmayacağını bəyan edib:

"Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->