Dünya 16:32 19.04.2023

İsveçrə Bundestaqda Ukraynadakı neytrallığına görə tənqid edildi

Bundestaqın Xarici siyasət komitəsinin sədri, Almaniya Sosial Demokrat Partiyasından olan Mixael Rot İsveçrəni Ukraynaya qarşı neytrallığına görə tənqid edib. 
 
Qaynarinfo Kommersant-a istinadən xəbər verir ki, Almaniyanın Redaktionsnetzwerk Deutschland (RND) nəşrinə verdiyi müsahibədə o, Bernin mövqeyinin "yalnız Moskvanın əlində oynadığını" deyib.

Siyasətçi həmçinin İsveçrə silahlarının alınmasını dayandırmağa çağırıb, çünki Bern digər ölkələrə İsveçrə şirkətlərinin istehsal etdiyi hərbi məhsulları Kiyevə verməyi qadağan edir. Maykl Rotun müsahibəsi İsveçrə prezidenti Alen Bersetin Almaniyaya səfəri ilə eyni vaxta təsadüf edib. O, aprelin 18-də Berlinə gedib.
Bundestaqın Xarici siyasət komitəsinin sədri İsveçrə hakimiyyətini Almaniya, İspaniya və Danimarka kimi ölkələrə İsveçrə istehsalı olan silah və sursatların Ukraynaya ötürülməsinə icazə verməyə çağırıb. 

"İsveçrə bununla razılaşmaqdan imtina edir. Gələcək hərbi əməkdaşlıqda bu davranışı nəzərə almaq lazımdır. Mən başa düşmürəm ki, biz niyə İsveçrədən silah almalıyıq”, - deyə o, RND-yə bildirib.

Bundestaqın Müdafiə Komitəsinin və Azad Demokrat Partiyasının sədri Mari-Aqnes Ştrak-Tsimmerman RND-yə müsahibəsində oxşar ritorika ilə danışıb. O, konfederasiyanı Ukraynanı silahlandırmaq və dəstəkləmək məsələsində mövqeyini dəyişməyə çağırıb. 

"İsveçrə tarixin hansı tərəfində olmaq istədiyinə qərar verməlidir", - deyə deputat bildirib.

Bu arada İsveçrə prezidenti Alen Berset ölkəsinin Rusiya əleyhinə bütün sanksiyalara qoşulduğunu xatırladıb. 

"Biz sanksiyalar qəbul etmişik və təbii ki, buna çox ciddi yanaşırıq. Biz onları tam şəkildə həyata keçirmək üçün mümkün olan hər şeyi edirik", - İsveçrə prezidenti bildirib. 

Xatırladaq ki, daha əvvəl G7 ölkələri İsveçrəni anti-Rusiya sanksiyalarından yan keçmək üçün boşluqlara görə tənqid ediblər. Bern bu iddiaları əsassız adlandırıb.

Nizami Bağırov