Avropa İttifaqının baş diplomatı Kaya Kallas Avropa xarici işlər nazirlərinin ABŞ-ın dövlət katibi Marko Rubio ilə telefon danışığı barədə danışıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Kallas X (Twitter) sosial şəbəkəsində yazıb.
Rubio ilə söhbət ABŞ və Rusiya arasında Ər-Riyadda aparılan danışıqlardan sonra baş tutub.
Kallas vurğulayıb ki, Rusiya Avropa və ABŞ arasında parçalanma yaratmağa çalışacaq.
"Gəlin onların tələsinə düşməyək. ABŞ-la birlikdə işləməklə biz Ukraynanın şərtləri əsasında ədalətli və davamlı sülhə nail ola bilərik", – deyə o bildirib.
İtaliya Xarici İşlər Nazirliyi daha əvvəl məlumat vermişdi ki, İtaliya, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri, eləcə də Aİ-nin ali diplomatı dövlət katibi Marko Rubio ilə Ər-Riyadda Amerika və Rusiya diplomatları arasında müharibənin başlanmasından bəri keçirilən ilk birbaşa görüş barədə müzakirə aparıblar.
Rusiya və ABŞ arasında aparılan danışıqlardan sonra ABŞ Dövlət Departamenti bildirib ki, ABŞ və Rusiya nümayəndə heyətləri ikitərəfli münasibətlərdə "gərginlik yaradan amilləri aradan qaldırmaq" və Ukrayna ilə bağlı danışıqların hazırlanmasını davam etdirmək barədə razılığa gəliblər.
Xüsusilə, tərəflər Ukrayna üzrə yüksək səviyyəli danışıqlar aparmaq üçün xüsusi işçi qruplarının təyin olunmasını razılaşdırıblar.
Fox News-un Ağ Ev üzrə aparıcısı və müxbiri Ceki Haynrix bildirib ki, ABŞ və Rusiya Ukrayna ilə bağlı üçmərhələli sülh planını müzakirə edirlər. Bu plana atəşkəsin elan edilməsi, Ukraynada seçkilərin keçirilməsi və nəhayət, yekun razılaşmanın imzalanması daxildir.
Alpər
Şərhlər