Xəbər lenti

Ölkə 15:45 23.02.2024

Keçmiş şöbə rəisi DGK-nı niyə məhkəməyə verib? – Ədalət Mehdiyevlə qurum arasındakı çəkişməsinin təfərrüatları

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin keçmiş şöbə rəisi Ədalət Mehdiyevin komitəni məhkəməyə verməsinin təfərrüatları bəlli olub. 

Ədalət Mehdiyevin özü Qaynarinfo-ya açıqlamasında bildirib ki, məhkəməyə müraciət etməsi işdən çıxması ilə bağlı deyil.
 
"Mən öz ərizəmlə işdən çıxmışam. Təqaüd yaşım çatdığı üçün ərizə yazmışam. Yəni, məni komitə sədri Şahin Bağırov işdən çıxarmayıb”, - deyə o əlavə edib. 

Məhkəməyə müraciət etməsinə gəlincə, keçmiş rəis deyib ki, iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır:
 
"2022-ci ildə mən də daxil olmaqla 5 nəfərin işi Baş Prokuror yanında Korrurpsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib. İstintaq müddətində işimdən kənarlaşdırılmışam. 11 ay araşdırma aparılıb və nəticədə məlum olub ki, bizim heç bir təqsirimiz yoxdur. Ona görə də idarə işə xitam verib. Biz də yenidən Dövlət Gömrük Komitəsinə işimizə qayıtmışıq. Həmin vaxt artıq Şahin Bağıdor komitə sədri təyin edilmişdi. O da bizi qəbul elədi, uğurlar arzuladı və dedi ki, gedin işləyib. Bir aydan sonra mənim təqaüd yaşım çatdı və öz ərizəmlə işdən çıxdım. 

Məhkəməyə müraciət etməyim isə Korrupsuyaya Qarşı Mübarizə İdarəsində araşdırma aparıldığı dövrdə yığılıb qalan əmək haqqımın ödənilməsini tələb edirəm. Digər şəxlərin pulu ödənilib, bir mənimki qalıb. Ödənilməməsinin səbəbini bilmirəm. Açığı heç məbləği də bilmirəm. Bunu maliyyə idarəsi araşdırmalıdır”.

Ədalət Mehdiyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi olmuş Mehman Sadıqovun və DGK-nın keçmiş sədri Səfər Mehdiyevin yaxın adamı olması barədə iddiaları əsassız adlandırıb: "Necə onların adamı ola bilərəm ki, fəaliyyətimlə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət ediblər. Əgər mənim fəaliyyətimdə doğrudan hər hansı bir neqativ hal var idisə, əvvəlcə daxili təhqiqat aparılmalı idi. Amma Səfər Mehdiyevlə Mehman Sadıqov "materialları” birbaşa Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərdilər. Onların yaxın adamı olsaydım belə edərdilər? Bu məlumat əsassızdır. Bir daha bildirirəm ki, mənim Səfər Mehdiyev və Mehman Sadıqovla qohum deyiləm, onlarla heç bir yaxınlığım yoxdur”.

Məlumat üçün deyək ki, Ədalət Mehdiyev Bakı İnzibati Məhkəməsində DGK-ya qarşı iddia qaldırıb. Ləman Musayev iş üzrə hakim təyin edilib. Məhkəmənin vaxtı hələ ki, müəyyənləşməyib.  

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?