Xəbər lenti

Kreml Yanukoviçi
Dünya 18:11 27.05.2024

Kreml Yanukoviçi "dirildə" biləcəkmi? (ŞƏRH)

"Yanukoviç siyasi meyitdir. Putin öz adamlarını ətrafına toplayaraq bir qədər də nüfuzlu görünmək istəyir. Elə buna görə də Yanukoviçin Minskdə peyda olmasını təşkil edilib".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Ukraynanın keçmiş prezideni Viktor Yanukoviçin keçən həftə Rusiya lideri Vladimir Putinlə eyni vaxtda Minskdə olması faktını şərh edərkən deyib.

Qabil Hüseynli bildirib ki, Yanukoviçin Putinlə eyni gündə Minskdə olması Rusiya prezidentinin növbəti siyasi gedişidir:

"Yanukoviçin Ukraynada nüfuzu yoxdur. Belə olan halda, onun yenidən Ukraynaya rəhbər gətirilməsi mümkünsüzdür. Hətta Moskva istəsə və Kiyevi ələ keçirməyə nail olsa belə, rəhbərliyə Yanukoviçin gətirilməsi variantı real deyil. Ukraynada hakimyyət dəyişikliyi mövzusu da gündəmdə deyil. Prezident seçkiləri keçirilmir. Kiyev Yanukoviçə qarşı ağır ittihamlarla cinayət işi qaldırıb. O, buna görə cavab verməlidir". 
 


Ukraynada prezidentliyə digər şanslı namizədlərə gəlincə, politoloq qeyd edib ki, hazırda bu ölkədə müharibə ilə əlaqədar seçkilər keçirilmir:

"Hər şey müharibənin taleyinin necə bitəcəyindən asılıdır. Ukrayna qalib gəlsə, birmənalı olaraq Zelenski növbəti dəfə də prezident seçiləcək.  Məğlub olacağı təqdirdə isə digər namizədlər irəli çıxa bilər. Bu namizədlərin kim olacağını isə indidən demək mümkün deyil". 

Qeyd edək ki, Belarusda ikigünlük səfərdə olan Rusiya prezidenti Minskdə olanda Maydan hərəkakatı zaman Ukraynadan qaçan keçmiş prezident Viktor Yanukoviç də bu ölkədə olub. Bu barədə "Svobodnaya pressa" yazıb. 

Ukraynalı politoloq Rostislav İşçenko Yanukoviçin məhz Putin və Lukaşenko ilə Ukraynanın gələcəyini müzakirə etmək üçün Belarusa gəldiyini iddia edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->