Dünya 17:17 07.06.2023

Legionerlər müharibədən sonra silahı təhvil verəcəkmi? - Ekspert

Ukrayna müharibəsində Kiyevin tərəfində müharibədə iştirak edənlər arasında əcnəbi legionerlər də var. Rusiya mənbələrinə görə, hazırda Ukrayna tərəfində 2,5 mindən çox legioner vuruşur. Aydın məsələdir ki, həmin muzdlular bunun müqabilində müəyyən qədər maddi dəstək də alırlar. Amma tarixdə bir sıra hallar olub ki, muzdlular müharibə bitəndən sonra vuruşdurları dövlətə qarşı çıxıblar. Hətta bəzi hallarda ölkə daxilindəki müxtəlif qruplar onlardan öz maraqları naminə istifadə də ediblər. Bu mənada, legionerlər müharibə bitəndən sonra Ukrayna üçün hansısa problem yarada bilərlərmi? Müharibə bitəndən sonra aydın məsələdir ki, legionerlər buraxılmalıdır. Bunun özü də legionerlər arasında narazılıq yarada bilərmi? 

Qaynarinfo-ya açıqlamasında təhlükəsizlik eksperti İlham İsmayıl bildirib ki, müharibədən sonra legionerlərlə bağlı yarana biləcək hər hansı bir insident Ukraynaya təhlükə yarada bilməz.
 
Ekspertin fikrincə, Ukrayna üçün ən böyük təhlükə indi gedən müharibənin özüdür: "Müharibədən sonra yarana biləcək hər hansı insidentlər təhlükə səviyyəsində ola bilməz. Müharibədən sonra Ukrayna tərəfindən vuruşan legionerlərlə bağlı hər hansı bir problem yaransa, onlarla mübarizəni artıq hüquq mühafizə orqanları aparacaq, ordu bu işə qarışmayacaq.  Legionerlərin hər hansı bir pis əmələ yol verməsinin qarşısını almaq müharibə görmüş dövlət üçün elə də çətin olmayacaq. Onlar Ukraynaya ciddi təhlükə  törədə bilməzlər. Tarix boyu bəzi hallarda muzdlular  vuruşduqları ölkədən narazılıq ifadə ediblər. Onlar  bu zaman narazılıqlarını hansısa şəkildə həyata keçirib, hətta terrora əl atıblar. Amma bu hal baş  versə də belə, müharibə ilə müqayisədə Ukrayna üçün böyük təhlükə olmayacaq. Muzdlunun bir işi  var, ona görə də maddi cəhətdən təmin olunurlar. Amma müqavilə bitəndən sonra onların artıq buraxılırlar”. 

Rüfət Sultan