İdman 20:28 06.02.2023

"Mançester Siti" maliyyə qaydalarını pozmaqda ittiham olunur

İngiltərə Premyer Liqası rəhbərliyi son 5 ildə 4 dəfə çempion olan "Mançester Siti"nin maliyyə qaydalarını pozduğunu açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu haqda Premyer Liqanın saytında məlumat yerləşdirilib. Təşkilatçıların müstəqil idarə heyəti tərəfindən aparılan araşdırma nəticəsində "Mançester Siti”nin 2009/10 və 2017*18 mövsümləri arasında müxtəlif qayda pozuntularına yol verdiyi müəyyən edilib. 

Komissiyanın prosesi gizli aparacağı və son qərarın Premyer Liqanın saytında dərc ediləcəyi bildirilib.

"Mançester Siti”nin pozduğu qaydalar arasında klubun maliyyə vəziyyətini, xüsusən sponsorluq gəlirləri və əməliyyat xərclərini (2009/10-dan 2017/18-ci il mövsümünə qədər), menecer müqavilələrində tam əmək haqqı təfərrüatlarının olmaması ilə bağlı ədalətli şəkildə klubun maliyyə vəziyyətini əks etdirən dəqiq məlumatların təqdim edilməməsi (2009/10 - 2012/13 mövsümü), UEFA qaydalarına, o cümlədən klubların lisenziyalaşdırılması və maliyyə feyr-pley qaydalarına riayət olunmaması (2013/14-dən 2017/18-ci illər) da yer alıb. 

Üç il əvvəl, UEFA maliyyə feyr-pley qaydalarına əməl etmədiyi (2012-2016-cı illərdə) üçün "Mançester Siti”ni 2020/21, 2021/22-ci illər üçün avrokuboklardan kənarlaşdırıb və 30 milyon avro cərimələyib.

Klubun etirazı nəticəsində İdman Arbitraj Məhkəməsi (CAS) UEFA təşkilatlarına qoyulan qadağanı ləğv edib və cəriməni 10 milyon avroya endirib.

Səbuhi Həsənov