Ölkə 18:33 04.10.2022

Məktəblərin bitməyən dərslik problemi (ŞƏRH)

Orta ümumtəhsil məktəblərində yeni tədris ilinin başlanmasından bir aya yaxın vaxt keçməsinə baxmayaraq, şagirdlər hələ də dərs vəsaitləri ilə təmin olunmayıb. Bu da böyük narazılığa və hər bir valideynin narahatçılığına səbəb olub. Məsələ ilə bağlı ayrı-ayrı məktəblərdə təhsil alan şagirdlərin valideynləri ilə söhbət etdik. Məlum oldu ki, 10-cu sinif şagirdləri üçün cəmi 6 fənnin dərs vəsaitləri paylanılıb-ingilis dili, cöğrafiya, riyaziyyat, fizika, ədəbiyyat, informatika.  alideynlərin sözlərinə görə, adıgedən bu vəsaitlərdən hər sinifə 5-10 ədəd paylanılıb, yerdə qalan şagirdlər isə müəllimlərin evə verdiyi tapşırıqları internet vasitəsilə ilə öyrənməyə çalışırlar. 

Təhsil eksperti Elçin Əfəndi Qaynarinfo-ya açıqlamasında orta ümumtəhsil məktəblərində dərs vəsaitlərinin çatışmadığını vurğulayıb: "İstər Bakıda, istər regionlarda bu bir faktdır ki, şagirdlərə dərs vəsaitləri verilməyib. Bunun içərisində ibtidai siniflər və yuxarı təhsil pilləsində oxuyanlar da var. Vəsaitlərin verilməməsində bir başa məsuliyyəti Elm və Təhsil Nazirliyi üzərindədir. Niyə? Çünki vaxtında siniflərin müəyyənləşməsi aparılandan sonra orada təhsil alan şagirdlər haqqında məlumatları Elm və Təhsil Nazirliyindən almalı və onlar əsasında nəşriyyatlara müraciət edib vəsaitləri çap etdirməli idi. Bundan əlavə hər tədris ili başa çatanda şagirdlərdə olan vəsaitlər geri alınır və yeni dərs ilində onlar şagirdlərə tədqim olunur”. 

Elçin Əfəndi hesab edir ki, əgər bu gün şagirdlər dövlətin verdiyi pulsuz dərs vəsaitləri ilə təmin olunmurlarsa, pullu keçidin əsası qoyulmalıdır: "Valideynlər məcbur olub uşağına kitabı pul ilə ala bilər. Halbuki həmin kitablar nazirlik tərəfindən təhsil müəssisələrinə vaxtında verilməli idi. Bununla bağlı ciddi iş aparılmalıdır”. 

Bahar Rüstəmli