İdman 17:37 03.02.2023

Məsut Özil karyerasını bitirdi

Almaniya millisinin türk əsilli sabiq futbolçusu Məsut Özil karyerasını başa vurub.
 
Qaynarinfo xəbər verir ki, çıxış etdiyi "Başakşəhər"in bugünkü məşqində iştirak etməyən 35 yaşlı yarımmüdafiəçi komanda yoldaşlarına karyerasını bitirəcəyini söyləyib.

Qeyd edək ki, Məsut Özil peşəkar karyerasına Almaniyanın "Şalke 04" klubunda başlayıb (2006-2007). 2007-ci ildə "Verder" onu 5 milyon avroya transfer edib və 3 il sonra 18 milyon avroya "Real"a satıb. 2013-cü ildə London "Arsenal"ı türk futbolçu üçün Madrid klubuna 47 milyon avro ödəyib. 2021-2022-ci illərdə "Fənərbağça"da çıxış edən 34 yaşlı "10 nömrə" ötən ildən "Başakşəhər"də forma geyinirdi. O, cari mövsümdə oyunda cəmi 187 dəqiqə forma şansı qazanıb.

Məsut Özil "Verder"lə Almaniya Kubokunu (1 dəfə), "Real"la İspaniya Kral Kubokunu (1), ölkə Super Kubokunu (1), "Arsenal"la İngiltərə Federasiya Kubokunu (3), ölkə Super Kubokunu (1) qazanıb, Avropa Liqasında final oynayıb.

Almaniya yığmasını seçən türk futbolçu 2009-2018-ci illərdə 92 dəfə milli formanı geyinib və 23 qola imza atıb. Milli komanda ilə 2010-cu ildə dünya çempionatının bürünc, 2014-cü ildə qızıl medalını qazanıb.

Aydın