"30 ildən sonra Qubadlıdakı evimizi görmək üçün bütün təhlükəni gözə aldım".
Bunu Qaynarinfo-ya açıqlamasında tanınmış klarnet ifaçısı Zahid Qubadlı deyib. Sənətçi doğulub, boya-başa çatdığı Xanlıq kəndini tək edəndə 16 yaşı olub:
"Biz 30 il vətən həsrəti ilə yaşadıq. Bilirsən dağılıb, amma yenə də ürəyində bir ümid var ki, gedib evini, yurdunu tapacaqsan. Evimizi tapana kimi ürəyim yerindən çıxdı. Xanlıq kəndimdə evlər darmadağın, viran qalıb hamısı. Bizim evimiz dağın arxasındadı, dedim, gəlmişkən evimizi də görüm. Dedilər təhlükəlidir, mina olar, fikir vermədim, dedim, mütləq evimizi görməliyəm. Adam o anda qorxmur".
Zahid Qubadlı əzizlərinin qəbirini də ziyarət edib:
"Hamısı bərbad vəziyyətdədir. Nə qədər viran, nə qədər darmadağın olsa da, adam oradan qayıtmaq istəmir, torpaq çəkir. Gəlmək istəmirsəm. Amma məcbursan. Bir gecə qalmaq istədim, amma kollektivlə getdiyimdən qala bilmədim. Ürəyim ordadır. Ümid edirəm ki, yaxın gələcəkdə hər yan abadlaşacaq. Allah heç kəsi öz elindən didərgin salmasın. Didərginlik pis şeydir, nə gəncliyimi yaşaya bildim, nə də uşaqlığımı. Ömrümün 30 ilini apardılar".
Bahar Rüstəmli
Şərhlər