Ölkə 17:37 24.06.2022

MTN polkovnikinə hökm oxundu

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) dələduzluqda təqsirləndirilən Qusar, Kürdəmir rayon şöbələrinin sabiq rəisi, sonradan isə Lənkəran Dövlət Universitetinin prorektoru olmuş polkovnik Bahadir Qocayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qaynarinfo xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədriliyi ilə baş tutan prosesdə hökm elan edilib. Bahadir Qocayev 5 il 6 ay müddətinə azadlıqdan mərhum olunub.

Qeyd edək ki, Bahadir Qocayev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsilə təqsirli bilib. İttihama görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsi 70 min manatdan çox pulu mənimsəməkdə ittiham edilib.

Məhkəmədə son söz deyən Bahadir Qocayev bildirib ki, barəsində verilən ittiham yalandır: "Mənə bu iddianı irəli sürənlər özləri dələduzluq cinayətinə görə məhkum olunub. Bu gün də həmin mülk məsələsi ilə bağlı məhkəmə müstəvisində araşdırma gedir. Bu işlərin arxasında Muradov Rafiq adlı şəxs dayanır. Onun barəsində də dələduzluqla bağlı məhkəmə araşdırması gedir. İstəmirəm o evi, tövbə etdim, bir də istəməyəcəm, lazım deyil, gedib Biləsuvardakı ata evimdə oturaram, məni burdan buraxın”. 

Bahadir Qocayev Eldar Mahmudov Milli Təhlükəsizlik naziri vəzifəsindən çıxarıldıqdan və "MTN işi" ilə bağlı araşdırmalar başladıqdan sonra təhlükəsizlik strukturundan çıxarılıb. 

2016-cı ildə Lənkəran Dövlət Universitetinin Ümumi işlər üzrə prorektoru təyin edilib və bir müddət sonra bu vəzifəsindən də azad edilib. Bundan başqa, vəzifədə olduğu vaxt vətəndaş Fazil Alıyevin 60 min manata aldığı evini hədə-qorxu ilə əlindən almaqda da adı hallanıb.

Seyid