Aqşin Yenisey
Dino Buzzatinin "Tatar çölü” romanı, oxuyanlar bilir, düşmən
hücumunun yolunu gözləyən və bu qorxu ilə yatıb-duran ucqar bir qalanın taleyi
haqqındadır. Düşmən gəlib çıxmaq bilmir və qalanı da qorxuya salan onun gəlməyən
səssizliyidir, üfüqdə gözə görünməməyidir, gəlib çıxmaq bilməməyidir. Qorxunun
yolunu gözləmək, qorxunun özündən daha qorxuludur. Qalaya başçı gondərilən gənc
leytenant Droqo qalada bu gözlənilən, amma gəlməyən qorxunun əsiridir və bu qorxu
artıq onun taleyinə çevrilib.
Salma Rüşdi "Gecəyarısı uşaqları” romanında Hindistan və
Pakistan arasında davam edən müharibədə psixoloji üstünlük əldə etmək üçün hər
iki ölkə rəhbərliyinin necə uydurma hərbi statistikalardan istifadə etdiyini
ironik bir məyusluqla təsvir edir.
Orta əsrlərdə Osmanlı martolosları (Osmanlı ordusuna xidmət
edən xristian əsgərlər) Fateh Mehmetin və Süleyman Qanuninin dövründə hərbi
yürüşlərdən əvvəl qarşı tərəfdəki xristian ölkə əhalisinə qarışaraq hələ
izi-tozu görünməyən türklər haqqında qorxunc, vahiməli şayiələr yayırdılar.
Osmanlı ordusu gəlib çıxana qədər artıq qarşı tərəf psixoloji cəhətdən yenilmiş
vəziyyətdə olurdu.
Müharibədə psixoloji zərbənin faydasını hələ 2500 il əvvəl hərbi
nəzəriyyə halına salmış çinli strateq Sun Tsu "Müharibə sənəti” əsərində xalis
qələbənin psixoloji savaşla qazanılan zəfər olduğunu yazırdı.
Sun Tsunun fikirlərinin modern çağdakı davamını yazan türk
professor Nevzat Tarhan "Psixoloji müharibə” kitabında yazır:
"Düşmənini tanımayan döyüşdə məğlub olur. Həm özünü, həm də
düşmənini tanımayan müharibədən sonra özünə gələ bilməz. Düşmənini tanımayan,
özünü tanıyan müharibədən sonra uğur qazana bilər. Həm özünü, həm də düşmənini
tanıyanın məğlub olma ehtimalı azdır. Özünü tanımayan, ancaq düşmənini yaxşı
tanıyan bir gücün döyüşdə məğlub olma ehtimalı çox yüksəkdir”.
Günümüzün savaş bölgələrində "psixoloji müharibə”nin əsgərləri
daha çox münaqişə ölkələrinin kəşfiyyat orqanlarının əməkdaşlarıdır. Onlar
jurnalist, blogger, fotoreportyor, nə bilim, çoban, keşiş və s. cürbəcür mülki
sifətlərin altında gizlənirlər.
Qarabağ savaşında da psixoloji üstünlük əldə etmək üçün cürbəcür
qara propoqanda ünsürlərindən istifadə olunur. Bu müharibədə internet hücumları
hərbi hücumlardan heç də az effektiv deyil. Ümumiyyətlə, bu gün münaqişə bölgələrində
bəzən nəzərdə tutulan ərazilər ordudan əvvəl internetin gücü ilə işğal olunur,
yaxud işğaldan azad edilir. Ordu artıq boşaldılmış əraziyə daxil olur.
Psixoloji savaşın uğurlarından qədim ordular və sərkərdələr
də eninə-uzununa yararlanırdılar. Romalılar qarşı tərəfdə uzunmüddətli qorxu
yaratmaq üçün düşmən əsgərlərinin mismarlandığı çarmıxlardan meşələr salırdılar
və əsgər meyitləri günlərlə çarmıxda xalqa nümayiş olunurdu. Ərəblər düşmənlərinin
başını kəsib şəhər meydanlarından, darvazalardan asır, total qorxu yaratmaq
üçün yerli əhaliyə göstərirdilər, monqollar kəsilən başlardan təpələr
ucaldırdılar və s.
Psixoloji müharibəyə "mədəni müharibə”, yaxud "müharibə mədəniyyəti”
də deyə bilərik; çünki məqsəd qan tökmədən qələbə əldə etməkdir. Ağıllı sərkərdələr,
adətən, qan tökməyə bir o qədər meyilli olmurlar. Makedoniyalı İsgəndər boş yerə
qan axıtmasın deyə öz dəmirçilərinə dəmir əsgərlərdən ibarət müqəvva bir ordu
düzəltdirmişdi. Bu müqəvva ordunu fəth etdiyi ərazilərin həndəvərindəki gözətçi
düşərgələrində düzdürürdü və uzaqdan bu cansız, dəmir əsgərləri görənlər
qabaqcadan psixoloji nokauta uğrayıb hücum etmək fikrindən daşınırdılar. Hitler
Avropanı, demək olar ki, informasiya müharibəsinin, daha konkret desək, alman
radio diktorlarının gücü ilə işğal etmişdi. Birinci Dünya müharibəsində
diplomatlar Almaniyaya qarşı ən çox işgəncə, zülm (atrocity) propaqandasından
istifadə edirdilər; müxtəlif süni işgəncə görüntüləri hazırlayaraq müttəfiq
xalqlarda almanların qəddar obrazını yaradırdılar. Makronun yerlisi, irqçi
filosof le Bonnun sözləri ilə desək, psixoloji cəbbəxanada ən qüdrətli
toplardan daha güclü silahlar mövcuddur.
Bizim şahidi olduğumuz həqiqət budur ki, Qarabağ bölgəsinin
itirilməsi daha çox psixoloji məğlubiyyətin nəticəsidir. Və bu məğlubiyyətdə
etiraf edək ki, hər birimizin "müharibə savadsızlığı” böyük rol oynadı. Düşmən
tərəf o şeyləri ki, Azərbaycan xalqında psixoloji qorxu yaratmaq üçün düşünüb həyata
keçirirdi, biz özümüz də bu işə cahilcəsinə canla-başla xidmət edirdik. Yadda
saxlayaq ki, erməniyə hərbi-siyasi havadar olan ölkələr böyük müharibələr
görmüşdülər, psixoloji savaş ustaları idilər.
Psixoloji müharibənin yaratdığı qorxu elə bir travmadır ki,
bir xalqın, ümumiyyətlə, tarix səhnəsindən çıxmasına qədər gətirib çıxara bilər.
Yenə le Bonn təxminən belə deyir ki, ardıcıl və qəddarcasına həyata keçirilmiş
sui-qəsdlər nəticəsində yaradılan qorxu mühiti ilə bir xalqın bütün milli
şüurunu dəyişdirmək olar. Aramızda müharibə istəməyən (bəzilərini şəxsən
tanıdığım) insanlarımızın əksəriyyəti bu psixoloji travmanın təsirindən hələ də
çıxa bilməyən şəxslərdir.
Son günlərdə Qarabağın işğaldan azad olunması üçün hərbi əməliyyatların
başlaması ilə ermənilər yenidən psixoloji cəbhəni işə salıblar; sivillərin
telefonuna vahiməli mesajlar göndərmək, şəhərləri bombalamaq, kimə və hansı
zamana aid olduğu bilinməyən əsgər meyitlərinin təhqir edildiyi videogörüntülər
yaymaq və s. Bunların hamısı bizi bu dəfə də psixoloji cəhətdən sarsıtmaq
üçündür. Yəqin, zəif yerimizi bilirlər. O meyitləri təhqir edənlər, başqa bölgələrdə
olan işgəncə görüntülərindən montajla qorxu filmləri düzəldənlər çox yəqin əsgər
deyillər, erməni xüsusi xidmət orqanlarının əməkdaşlarıdır.
Psixoloji savaş boş veriləcək məsələ deyil; ölkədə qorxu
mühiti yaratmaq üçün hazırlanmış o şəkillərin, videoların yayılmamasında dövlət
orqanları daha çox maraqlı olmalıdır. Sıravi vətəndaşlar da bu cür videoları, şəkilləri
görüb bəri başdan altını batıranlara imkan verməməlidir ki, öz qorxularını
başqalarına yoluxdursunlar.
Unutmayaq, qorxu həm də psixoloji xəstəlikdir və bəzi
qorxular yoluxucudur.
Qarabağ Azərbaycandır!
Şərhlər