Fransa və İspaniyada davam edən meşə yanğınları yalnız yüksək temperatur və güclü küləklə deyil, həm də alovun yaratdığı qeyri-adi atmosfer hadisəsi səbəbindən sürətlə yayılır.
Qaynarinfo xəbər verir ki, "Pirokumulonimbus" (alov buludu) adlanan bu küləyin qəfil istiqamətini dəyişə, ildırımlar yarada və əsas yanğından kilometrlərlə uzaqda yeni yanğın ocaqlarının yaranmasına səbəb ola bilər.
Türkiyənin Qaradəniz Texniki Universitetinin Meşə fakültəsinin müəllimi, professor Ertuğrul Bilgilinin sözlərinə görə, pirokumulonimbusun yarandığı yanğınları klassik söndürmə üsulları ilə nəzarət altına almaq əksər hallarda mümkün olmur.
Onun sözlərinə görə, bu hadisə yanğının sanki öz hava sistemini yaratması deməkdir. Nəticədə alovun idarə olunması son dərəcə çətin, bəzən isə tamamilə mümkünsüz olur.
Alov buludu nədir?
Pirokumulonimbus çox iri və intensiv meşə yanğınları zamanı yaranır. Yanğın nəticəsində əmələ gələn həddindən artıq isti hava, tüstü, kül və rütubət sürətlə atmosferin yuxarı qatlarına qalxır.
Yüksələn isti hava daha soyuq hava kütlələri ilə qarşılaşdıqda soyuyur, tərkibindəki rütubət kondensasiya olunur və kilometrlərlə hündürlüyə çatan nəhəng fırtına buludu əmələ gəlir.
Professor Bilgili bildirir ki, belə hadisələrin yaranmasına yalnız yanğının böyüklüyü deyil, həm də yanacaq materiallarının vəziyyəti və hava şəraiti təsir göstərir. Uzunmüddətli quraqlıq, həddindən artıq istilər, güclü küləklər və aşağı rütubət meşədəki quru bitki örtüyünü daha da alışqan vəziyyətə gətirir. Nəticədə başlayan yanğın qısa müddətdə çox böyük enerji buraxa bilir.
Alovu daha da gücləndirir
Yanğın buludu sadəcə tüstü təbəqəsi deyil. O, öz küləklərini, hava axınlarını və hətta ildırımlarını yaradan güclü sistemə çevrilə bilir.
Bulud daxilində yaranan güclü enən hava axınları yanğın zonasındakı küləyin sürətini və istiqamətini qəfil dəyişdirə bilər. Bunun nəticəsində alovun yayılma istiqaməti bir neçə dəqiqə ərzində tamamilə dəyişərək yanğınsöndürənlər üçün ciddi təhlükə yaradır.
Buludun elektriklə yüklənməsi nəticəsində yaranan ildırımlar əsas yanğından kilometrlərlə uzaqda yerləşən quru ərazilərə düşərək yeni yanğın ocaqları yarada bilər.
Bundan əlavə, alovdan qopan köz parçaları güclü hava axınları ilə uzaq məsafələrə daşınır və quru bitki örtüyünə düşərək yeni yanğın cəbhələrinin yaranmasına səbəb olur.
Müdaxilə çətinləşir
Fransa rəsmiləri bəzi bölgələrdə yanğına birbaşa müdaxilənin artıq mümkün olmadığını bildiriblər. Alovun hündürlüyü, ayrılan böyük enerji və küləyin daim dəyişməsi həm yerüstü qüvvələrin, həm də aviasiya vasitələrinin təhlükəsiz fəaliyyətini ciddi şəkildə məhdudlaşdırır.
Professor Bilgili qeyd edir ki, yanğınlarla mübarizədə birbaşa müdaxilə, dolayı müdaxilə və yanğının nəzarətli şəkildə öz axarında davam etməsinə imkan vermək kimi müxtəlif strategiyalar tətbiq olunur. Lakin pirokumulonimbusun müşahidə olunduğu yanğınlar müdaxilə edilməsi mümkün olmayan ən təhlükəli kateqoriyaya daxildir.
Belə hallarda təyyarələrin, helikopterlərin və yerüstü qüvvələrin alovun mərkəzinə göndərilməsi həm nəticəsiz qala, həm də şəxsi heyətin və texnikanın itirilməsi riskini artıra bilər.
Əsas prioritet təxliyədir
Mütəxəssislərin fikrincə, belə yanğınlarda əsas məqsəd alovu dərhal söndürmək deyil, insan həyatını qorumaqdır.
Yanğının istiqaməti və sürəti sürətlə dəyişdiyi üçün yaşayış məntəqələrinin sakinlərinin və yanğınsöndürənlərin vaxtında təxliyəsi həyati əhəmiyyət daşıyır.
Fransada bəzi bölgələrdə yanğınsöndürmə xidmətləri hücum taktikasından imtina edərək yaşayış məntəqələrinin müdafiəsinə üstünlük veriblər. Əsas diqqət insanların təhlükəsiz ərazilərə köçürülməsinə və təxliyə marşrutlarının açıq saxlanılmasına yönəldilib.
Türkiyə üçün də risk artır
Professor Bilgili hesab edir ki, Fransada qeydə alınan pirokumulonimbus hadisəsinin Türkiyədə də baş vermə ehtimalı yüksəkdir.
Onun sözlərinə görə, son illərdə kənd əhalisinin azalması, heyvandarlığın zəifləməsi və meşələrdə quru budaq, kol və yarpaqların toplanması yanğın yükünü artırıb. Bu isə daha kiçik ərazilərdə belə çox güclü yanğınların yaranmasına səbəb ola bilər.
Mütəxəssis bildirir ki, Aralıq dənizi və Egey bölgələri ən yüksək risk altında qalmaqda davam etsə də, artıq Mərkəzi və Qərbi Qaradəniz bölgələrinin daxili hissələrində də böyük yanğın təhlükəsi artır.
İqlim dəyişikliyi nəticəsində uzunmüddətli istilər, quraqlıq və güclü meşə yanğınlarının daha tez-tez baş verdiyini vurğulayan alimlər qeyd edirlər ki, əvvəllər əsasən Avstraliya, Kanada və ABŞ-də müşahidə olunan pirokumulonimbus buludlarının Avropada və Türkiyəyə bənzər iqlim qurşaqlarında yaranması meşə yanğınlarının daha təhlükəli mərhələyə keçdiyini göstərir.
Aydın
Şərhlər