"OpenAI" şirkətinin baş direktoru Sem Altman insanların, xüsusilə gənclərin ChatGPT kimi çat-botlara həddindən artıq güvəndiyini və bu vəziyyətin narahatlıq doğurduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb.
ABŞ Federal Ehtiyat Sistemi tərəfindən bu həftə təşkil olunan bankçılıq konfransında çıxış edən Altman bu meyli "emosional asılılıq" adlandıraraq qeyd edib ki, gənclər həyatlarında baş verən hər şeyi ChatGPT ilə bölüşmədən qərar verə bilmədiklərini deyirlər.
"İnsanlar ChatGPT-yə çox güvənirlər. Elə gənclər var ki, deyirlər: "Mən həyatımda heç bir qərarı ChatGPT-yə danışmadan verə bilmərəm. O, məni də, dostlarımı da tanıyır. Mən onun dediyini edəcəyəm". Bu, mənə çox narahatlıq verir", deyə Altman bildirib.
O qeyd edib ki, süni intellekt yaxşı məsləhətlər verə bilər, lakin bu o demək deyil ki, insanlar onun tövsiyələrinə əsasən həyatlarını formalaşdırmalıdırlar. Onun fikrincə, bu cür davranış təhlükəli nəticələrə yol aça bilər.
"Common Sense Media" tərəfindən aparılan araşdırmaya əsasən, ABŞ-da yeniyetmələrin təxminən 72%-i ən azı bir dəfə süni intellekt çat-botlarından istifadə edib. Sorğuda iştirak edənlərin yarısı rəqəmsal məsləhətçilərin verdiyi tövsiyələrə etibar etdiklərini bildirib.
Xüsusilə 13–14 yaş arası yeniyetmələr bu texnologiyalara daha çox güvənir və vacib qərarları qəbul etməzdən əvvəl onlardan məsləhət aldıqlarını qeyd edirlər.
Aydın
Şərhlər