Xəbər lenti

Paşinyan yenidən Rusiyaya meyillənir? - Politoloq
Dünya 20:35 14.09.2024

Paşinyan yenidən Rusiyaya meyillənir? - Politoloq

"Ortada Paşinyanın yenidən Rusiyaya meyillənməsi kimi bir siyasət yoxdur. Bu, sadəcə olaraq, Ermənistan siyasətçiləri və bəzi digər siyasətşünasların şişirtməsidir". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə son telefon danışığından sonra Rusiyaya münasibətdə əvvəlki ritorikasını dəyişməsi barədə səslənən fikirlərə münasibət bildirərkən deyib.

Natiq Miri bildirib ki, Ermənistan rəhbərliyi ənənəvi siyasətini yürütməkdə davam edir: 

"Paşinyanı Mixail Saakaşvilidən fərqləndirən odur ki, erməni baş nazir lazım gələndə dayanmağı bilən bir siyasətçidir. İndiki vəziyyətdə Ermənistan Qərbin köməyi ilə bütün təhlükəsizliyini yarada bilmir. Ticarət, iqtisadi, enerji, təhlükəsizlik, müdafiə məsələləri zaman aparacaq məsələlərdir. Ermənistan Qərbə inteqrasiya ərəfəsində öz iqtisadiyyatını tamam çökdürmək istəmir. Ona görə də Paşinyan arxı hoppanmamış "hop" demir. Ermənistanın əsas bazarı Rusiya və onun da üzv olduğu Avrasiya İqtisadi Birliyidir. Ermənistan məhsullarına standartlara cavab vermədiyi üçün hazırda Avropa məkanında bazar yoxdur. Bunun üçün zamana ehtiyac var. Bu səbəbdən zaman-zaman bir-birinin əlinə oynamaqla Moskva Ermənistandan ikili reeksport vasitəsilə müəyyən elektron cihazlar alır. Ermənistan hökuməti də hər hansı istehsal artımı olmadan öz ümumdaxili məhsulunu artırmaqla ən azından ölkəni idarə edir".
 


Amma ekspert əminliklə vurğulayır ki, Ermənistanın inteqrasiyası Rusiyaya deyil, Avropayadır: 

"Bu istiqamətdə bütün hazırlıqlar görülür".
 
Həmsöhbətimiz İrəvanın KTMT tədbirlərinə qayıdacağını da düşünmür:

"Onun bu qurumun tədbirlərinə qayıtması ilə bağlı da hər hansı bir məqam yoxdur. Əksinə, hazırda Qırğızıstanda KTMT-nin təlimi keçirilir, lakin Ermənistan orada iştirak etmir. Sadəcə, Paşinyan daha hiyləgər davranır və lazım gələndə dayanmağı bilən bir siyasətçidir. Anlayır ki, prosesi təhlükəsiz və ağrısız aparmaq üçün zamana ehtiyac var. İrəli iki addım atmaq üçün bəzən bir addım geri atmağa ehtiyac qalır. Bu gün də atılan geri addım gələcəkdə irəli atılacaq iki addım üçündür".

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan Rusiyanın baş nazir müavini Aleksey Overçuku qəbul edib. Görüşdə əsasən iki ölkə arasında münasibətlər aid məsələlər müzakirə edilib. 

Bu arada bir sıra ekspertlər düşünür ki, 23 avqustda Putinlə telefon danışığından sonra Paşinyanın ritorikası dəyişib. Bəzi mənbələrə görə, Putin Paşinyana Azərbaycan Prezidenti Əliyevə Ermənistana təzyiqləri zəiflətməyə çağırdığını deyib. Yəqin ki, elə buna görə də KTMT-də iştirakı boykot edən Paşinyan artıq orada iştirak etmək qərarına gəlib. Bununla bağlı Rusiya XİN-in sözçüsü Zaxarova da bəyan edib ki, İrəvanın yenidən KTMT-nin fəaliyyətində iştirakını gözləyir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->