Endokrinologiya və metabolik xəstəliklər üzrə mütəxəssis Prof. Dr. Alper Sönməz qan yağlarının (trigliserid və xolesterol) anormal səviyyədə olması ilə xarakterizə edilən dislipidemiyanın ürək-damar sağlamlığına ciddi təsir etdiyini və bir sıra digər xəstəliklərə zəmin yaratdığını bildirib.
Qaynarinfo bu barədə "CNN Türk"ə istinadən xəbər verir.
"Dislipidemiyanın erkən diaqnoz qoyula bilən və müalicəsi asan olan metabolik xəstəlikdir" deyə vurğulayan mütəxəssis qan yağlarının mütəmadi olaraq yoxlanmasının sağlamlığın qorunması baxımından vacib olduğunu qeyd edib.
Alper Sönməzin sözlərinə görə, dislipidemiya genetik və ətraf mühit faktorlarının birləşməsindən qaynaqlanır. Xolesterolu daşıyan lipoproteinlərin qaraciyər və toxumalar tərəfindən yetərincə təmizlənməməsi, ailədən irsi keçən dislipidemiyaların ən geniş yayılmış səbəblərindən biridir. Bu hal bəzi ailələrdə gənc yaşlarda infarkt və ani ölüm hallarının artmasına səbəb ola bilir.
Bundan əlavə, sürətli qidalar, doymuş və trans yağlarla zəngin qidaların həddindən artıq qəbulu, lif çatışmazlığı və fiziki aktivliyin az olması dislipidemi riskini artırır. Piylənmə, 2-ci tip diabet, hipotireoz, böyrək və qaraciyər xəstəlikləri, habelə bəzi dərman preparatlarının istifadəsi də dislipidemiyanın yaranmasına səbəb ola bilər.
Prof. Dr. Sönməz, dislipidemiyanın damar sərtliyi (ateroskleroz) yaradaraq ürək, beyin və ayaq damarlarının gənc yaşlarda tıxanmasına səbəb ola biləcəyini bildirib. Toplum məlumatları göstərir ki, dislipidemiya damar sərtliyi və ona bağlı xəstəlikləri 30-35% artırır. Əgər siqaret, piylənmə, diabet və ya hipertoniya kimi əlavə risk faktorları da mövcuddursa, bu xəstəlik daha sürətlə irəliləyir və infarkt, insult kimi ağır nəticələrə səbəb ola bilər.
Dislipidemiya beyin damarlarında tıxanıqlıq yarada bilər və insulta gətirib çıxara bilər. Həmçinin yaddaş pozuntuları, diqqət dağınıqlığı, konsentrasiya problemləri, vaskulyar demans və Altsaymer xəstəliyi riskinin artması ilə əlaqələndirilir.
Prof. Dr. Sönməz dislipidemiyanın erkən diaqnoz və düzgün müalicə ilə nəzarət altına alına biləcəyini vurğulayaraq, sağlam qidalanma və yetərli fiziki aktivliyin önəmini qeyd edib.
Mütəxəssis insanlara lipid profillərini ən azı bir dəfə yoxlatmağı və nəticələri həkimlə müzakirə etməyi tövsiyə edib:
"Xəstəliklərin müalicəsinin ən asan yolu onları qarşısını almaqdır. Dislipidemiyanı erkən aşkarlayaraq ürək-damar xəstəliklərinin inkişafının qarşısını almaq mümkündür".
Aydın
Şərhlər