Almaniyanın vitse-kansleri və "Yaşıllar" partiyasından kanslerliyə namizəd Robert Habek ABŞ və Rusiyanın Ukraynanın iştirakı olmadan Səudiyyə Ərəbistanında keçirdiyi ikitərəfli danışıqlara görə "xəyanət və imperializm" ifadələrini işlədib.
Qaynarinfo xəbər verir ki, bu barədə Tagesschau məlumat
yayıb.
Habek Vaşinqtonun Rusiya ilə birbaşa danışıqlara başlamasından narazılığını ifadə edib və bunu Ukraynanı danışıqlardan kənarda qoyaraq "bölgünü müzakirə etmək" niyyəti kimi görür.
"Onların etdikləri imperializmdir. Bu, xəyanət və imperializmdir", – deyə Habek bildirib.
O, digər aparıcı alman siyasətçilərinin bəyanatlarına qoşularaq, belə şəraitdə Almaniyanın Ukrayna üçün təhlükəsizlik təminatları çərçivəsində potensial müttəfiq kontingentə qoşulmasını müzakirə etməyin hələ tez olduğunu vurğulayıb.
"Rusiyanın və ABŞ administrasiyasının bizə təqdim edəcəyi hər hansı bir şeyi qəbul edib təminat altına alacağımızı düşünmək absurddur", – deyə Robert Habek qeyd edib.
Xatırladaq ki, 23 fevralda Almaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək. Sorğular Xristian Demokrat İttifaqı – Xristian Sosial İttifaqının (XDS-XSS) ən yüksək nəticəni əldə edəcəyini proqnozlaşdırır. Bununla belə, son sorğular bu siyasi qüvvənin reytinqinin son bir il yarımda ən aşağı səviyyəyə düşdüyünü göstərir.
Alpər
Şərhlər