Xəbər lenti

İlon Maskın rəhbərlik etdiyi DOGE-dən 8 milyard dollarlıq
Dünya 16:51 21.02.2025

İlon Maskın rəhbərlik etdiyi DOGE-dən 8 milyard dollarlıq "səhv"

ABŞ-da geniş müzakirələrə səbəb olan bir səhvə yol verən İlon Maskın rəhbərlik etdiyi Hökumət Effektivliyi Departamenti (DOGE) ləğv edilən bir müqavilədən 8 milyard dollar qənaət edildiyini iddia etsə də, əsl qənaətin cəmi 8 milyon dollar olduğu ortaya çıxıb.

Qaynarinfo xəbər verir ki, bu səhv DOGE-nin ümumi qənaət iddialarının təxminən 15%-ni təşkil edir. 

Bundan əlavə, departamentin ümumi qənaət olaraq göstərdiyi 55 milyard dollarlıq məbləğin də ciddi şəkildə şişirdildiyi məlum olub. DOGE-nin bəzi müqavilələrdə heç bir qənaət əldə etmədiyini etiraf etməsi və departamentin qurulmasından əvvəl bağlanmış ofislərin qapanmasını qənaət siyahısına əlavə etməsi də tənqidlərə səbəb olub.

DOGE bu həftə yayımladığı hesabatda ləğv edilmiş bir müqavilə sayəsində 8 milyard dollar qənaət edildiyini iddia edib. Lakin "The New York Times" bu rəqəmin əslində cəmi 8 milyon dollar olduğunu ortaya çıxarıb.

Bu yanlış hesablamanın Federal Satınalma Məlumat Sistemi (FPDS) tərəfindən səhv qeyd edilən müqavilənin əvvəlki versiyalarından qaynaqlandığı düşünülür. Müqavilə ABŞ-ın Gömrük və Miqrasiya Xidməti (ICE) üçün nəzərdə tutulmuşdu və altı illik bir müddəti əhatə edirdi. Lakin sənədlər göstərir ki, müqavilə çərçivəsində cəmi 8 milyon dollar xərclənib və ilk iki il yarım ərzində federal hökumət üçün yalnız 2,5 milyon dollara başa gəlib.

Səhv hesablamanın miqyasını göstərmək üçün müqavilənin ilkin 8 milyard dollarlıq dəyəri ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) illik büdcəsinə bərabər idi. Bu da federal xərclərə bələd olan hər kəs üçün açıq-aşkar bir yanlış hesablamanın baş verdiyini sübut edir.

DOGE bu müqaviləni veb saytında ən böyük qənaət nümunəsi kimi göstərib. Lakin səhvin aşkar edilməsindən sonra müqavilənin real dəyəri 8 milyon dollar kimi yenilənib. Buna baxmayaraq, DOGE hələ də ümumi qənaət iddiası olan 55 milyard dollarlıq rəqəmi saytında düzəltməyib.

Üstəlik, DOGE-nin ümumi qənaət hesabatının yalnız dörddə biri, yəni 14 milyard dolları sənədlərlə sübut edilə bilir. Departamentin bəzi müqavilələrdə ümumiyyətlə qənaət təmin etmədiyi və əvvəlcədən bağlanmış ofislərin qapanmasını öz qənaət siyahısına daxil etdiyi də üzə çıxıb.

Məsələn, ICE ilə bağlı müqavilədə 8 milyon dollar qənaət edildiyi iddia olunur. Lakin əslində müqavilə tam icra edilmədən ləğv edilib və yalnız 5,5 milyon dollarlıq qənaət təmin edilib. Bu, kiçik bir fərq kimi görünə bilər, lakin DOGE-nin veb saytında siyahıya alınmış 1 127 ləğv edilmiş müqavilədən yüzlərlə, hətta onlarla belə nümunə olduğu ehtimal edilir.

Bundan əlavə, DOGE prezident Co Baydenin vəzifədə olduğu dövrdə bağlanmasına qərar verilmiş iki federal ofisin qapanmasını da öz qənaət siyahısına daxil edib. Bunlar İllinoys ştatının Hoffman Estates və Ohayo ştatının Fairfield şəhərində yerləşən Milli Arxiv mərkəzləridir. DOGE-nin saytında Ohayodakı ofisin "rəsmi bağlanmış idarə" kimi göstərildiyi bildirilir, lakin əlavə detallara yer verilməyib.

Bu ofislərin bağlanması DOGE qurulmazdan əvvəl, 1 avqust 2025-ci ildə elan edilmişdi. Buna baxmayaraq, departament bu bağlanmaları ümumi qənaət hesabına daxil edərək, 780 min 308 dollarlıq əlavə qənaət etdiyini iddia edir.

DOGE bu səhvlərlə bağlı rəsmi açıqlama verməyib və ya onların necə baş verdiyini izah etməyib. Lakin "The New York Times" və digər mənbələr departamentin bəzi müqavilələrdə faktiki qənaət edilməsə də, onların tam dəyərini qənaət kimi təqdim etdiyini ortaya çıxarıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->