Xəbər lenti

Putin Türkiyəyə gedəcək, yoxsa Ərdoğan Rusiyaya gələcək?..
Hüseynbala Səlimov
Dünya 13:07 07.08.2023

Putin Türkiyəyə gedəcək, yoxsa Ərdoğan Rusiyaya gələcək?..

Məsələyə qismən də olsa, aydınlıq gətirilib. Bu yaxınlarda Türkiyə prezidentinə istinadən belə xəbər yayıldı ki, Ərdoğan-Putin görüşü bu ilin avqust ayında baş tutacaq. Bəzi mənbələr hətta belə xəbərlədilər ki, Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək. 

Amma sonuncu detal bir ehtimaldır, hələ ki, dəqiqləşmələr aparılır, səfərin harada və ayın neçəsində baş tutacağı dəqiq məlum deyil. Burada adamın yadına məşhur "Tehran-43” filmi düşür: bəli, orada belə deyirlirdi ki, Teodor Ruzveltin və Uinston Çerçillin İrana necə gəldiyi bilindi, amma İosif Stalinin bura necə və hansı marşrutla gəlməsini heç kim bilmədi! Görünür, prezident Putin də Stalini təkrarlamaq istəyir, axı o, heç də tamamilə sərbəst adam deyil. Bir sıra dövlətlər yarıciddi, yarızarafat bir şəkildə Rusiya prezidentinin səfərlər zamanı həbs olunub Beynəlxalq Ədalət Məhkəməsi qarşısına çıxarıla bilməsindən danışır...

O ki qaldı səfərin predmetinə, müzakirə olunacaq məsələlər çoxdur. Ən birincisi, əlbəttə ki, Rusiya-Ukrayna müharibəsidir. O, bitmək bilmir, baxmayaraq ki, nəinki bəzi rusiyalı hərbi ekspertlər, hətta ukraynalılar da Rusiya qoşunlarının 12 saat ərzində Kiyevə gəlib çata bilməsindən danışırlar. Amma biz belə proqnozlarla tələsməzdik. Müharibə başlayan zaman Kremldə də belə fikirləşirdilər – Gürcüstan müharibəsinin dadı rusiyalı ekspertlərin damağından getməmişdi. Amma belə olmadı – iki ildir ki, Rusiya Ukraynada əlləşib-vuruşur, amma hələ ki, bir şey yoxdur.

Rusiyada Ukrayna prezidentinin Türkiyəyə son səfərindən narazı qalmışdılar. Güman ki, Rusiya və Türkiyə prezidentlərinin avqust görüşündə narazılıqları bir qədər aradan qaldırmağa çalışılacaq. Amma o da var ki, birincisi, Ankara heç vaxt Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatları dəstəkləməyib, ikincisi, Krımı və ya işğal olunmuş Şərqi Ukraynanı Rusiya ərazisi kimi tanımayıb, üçüncüsü, daim Ukraynanın NATO-ya üzv qəbul olunmasına çağırıb. Amma bütün bunlara baxmayaraq, Kiyev də, Moskva da Ankaraya eyni qədər etimadla yanaşır. Belədə isə biz daim deyirik və yazırıq ki, Rusiya ilə Türkiyənin siyasəti müəyyən məqama qədər sinxron ola bilər – bu, Ukraynada da belədir, Cənubi Qafqazda da. Burada qeyd etmək lazımdır ki, Ankaranın Moskvaya xatırlatması ki, o, 2025-ci ildə öz "sülhməramlılarını” Azərbaycandan çıxarmalıdır, Kremldə çox böyük narazılıqla qarşılanmışdı. Görüş zamanı əlbəttə ki, daha çox Rusiya – Ukrayna münasibətləri, növbəti "taxıl sazişi” müzakirə ediləcək. Amma bizə elə gəlir ki, Azərbaycan, Ermənistan və Rusiya münasibətləri də diqqətdən kənarda qalmayacaq. Burada da müzakrə olunası çox məqam var. 

Rusiyanın Cənubi Qafqaz siyasəti heç bir vaxt indiki qədər faş olmamışdı – Kreml açıq-aşkar Azərbaycanla Ermənistan arasında yaxınlaşma prosesini tormozlamağa çalışır və hətta tərəfləri ona çağırır ki, onlar tələsik sülh sazişi imzalamamalıdır, guya ki, tələsik sülh sazişi dayanıqsız olacaq, tərəflər onun şərtlərinə əməl etməyəcəklər. Amma bunun əksinə olaraq Qərb, xüsusən də ABŞ tərəfləri mümkün qədər tez anlaşmağa, mümkün qədər tez sülh sazişini imzalamağa çağırır. Nə baş verir? Amerikalılar doğrudanmı, başlarını itiriblər, yaxud da ki, onlar doğrudanmı, bu qədər təcrübəsizdirlər? Əlbəttə ki, yox və bir daha yox! Məsələ bundadır ki, sülh olan yerdə Rusiyanın "missiyası” bitir. Aydın məsələdir ki, Bakı və İrəvan sülh sazişi imzalayandan bir-iki ay sonra Rusiya "sülhməramlı”ları buradan çıxmalı olacaqlar. Rusiya məhz bunu istəmir və ona görə də özünü gah keçmiş Dağlıq Qarabağ ermənilərinin yeganə vəkili və hamisi kimi aparır, gah da Paşinyanı Dağlıq Qarabağı Azərbaycanını tərkib hissəsi kimi tanımağa tələsməməyə, ümumiyyətlə, tərəfləri tələsik sülh sazişi imzalamamağa çağırır. Düşünürük ki, Ərdoğan-Putin görüşündə bütün bu məsələlərə də toxunulacaq. Ona görə ki, Rusiya istəsə də, istəməsə də bir detalla razılaşmalıdır – Rusiya heç bir vaxt SSRİ sərhədlərini qaytara bilməyəcək. 

Bu yaxınlarda Kiyevdən bir detal göstərirdilər: inasanlar sovet dövründən qalma abidəni sökürdülər. Əlbəttə, bu abidənin indiyə qədər qalması heç də yaxşı hal deyil. Amma onun indi sökülməsi o demədir ki, müharibə insanları sındırmayıb, onlarda milli oyanış bu gün də davam edir...
 
Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->