Ekonomiks 16:59 30.06.2022

Qida Təhlükəsizliyi İnstitutun sevimli şirkəti: Bir ildə 8 milyonluq tender...

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu "Avaz Group” MMC ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 3 788 905.06 AZN olan müqavilədə laboratoriyalar üçün reaktiv, dəst, standartlar və ləvazimatların satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, 25 yanvar 2017-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, ev 72, mənzil 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Sadıqov Mədət Baratəli oğludur. 

Açıq mənbələrdə "Avaz Group” MMC və Mədət Sadıqov haqqında hər hansı məlumat yoxdur. 

Araşdırmalarımız zamanı bəlli olub ki, "Avaz Group” MMC Qida Təhlükəsizliyi İnstitutunun sevimli şirkətidir. Elə bu ilin fevralında institutla şirkət arasında maliyyı dəyəri 1 619 668 AZN təşkil edən satınalma müqavilə imzalanıb. Müqavilədə laboratoriyalar üçün reaktivlərin, laborator dəstlərin və ləvazimatların satın alınması nəzərdə tutulur. Maraqlıdır ki, Qida Təhlükəsizliyi İnstitutu 3 ay sonra yenidən şirkətlə təxminən 4 milyonluq müqavilə bağlayıb.

Ötən il isə institut şirkətlə maliyyə dəyəri 2 678 000 AZN təşkil edən 2 satılnalma müqaviləsi imzalayıb. Həmin müqavilələrdə də laborator ləvazimatların, laborator dəstlərin, standartların və laboratoriyalar üçün reaktivlərin alınması nəzərdə tutulur.

Beləliklə, 1 il ərzində Qida Təhlükəsizliyi İnstitutu laboratoriyalar üçün reaktiv, dəst, standartlar və ləvazimatların satın alınmasına 8 milyon pul xərcləyib. 

Seyid