Xəbər lenti

Siyasət 17:57 22.10.2024

"Qriqoryan demək istəyir ki, güzəşt ediləcəksə, Azərbaycana edilməlidir..." - Politoloq

"Bakı ilə İrəvan arasında ikitərəfli müzakirələrin nəticəsi olaraq Qazaxın dörd kəndinin geri qaytarılması və sərhəd dirəklərinin basdırılması ilə problemin həll edilməsi praktikasından yanaşsaq, Mqer Qriqoryanın "öz problemimizi özümüz həll etməliyik" fikrini qəbul etmək olar".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov deyib.

"Praktikanın nəticə ilə başa çatması onu göstərdi ki, tərəflər mövcud problemləri özləri, üçüncü tərəf olmadan da həll etmək gücündədir və başlıcası bunun üçün istəkləri də var", deyə Azər Qasımov bildirib.
 
Ekspertin fikrincə, Mqer Qriqoryanın üçüncü tərəf adlandırdığı ölkə böyük ehtimalla Rusiyadır:

"O, problemin həllinin üçüncü ölkə olaraq Rusiya həvalə edilməsinin xəyanət hesab olunacağı fikrindədir".
 


Həmsöhbətimizə görə, erməni siyasətçisinin fikri təbii ki, Paşinyana ünvanlanıb:

"Əgər Rusiya dəhlizə nəzarət edərsə, xəyanətin Paşinyan tərəfindən ediləcəyi vurğulanır. Düzdür, Paşinyanın hökumətin rəhbəri kimi Rusiyaya qarşı birbaşa demarş etməsi mümkün deyil. Amma Qriqoryan vurğulamaq istəyir ki, güzəşt ediləcəksə, ikitərəfli danışıqlarda Azərbaycana edilməlidir, Rusiyaya yox, bu, xəyanət olar". 

Qeyd edək ki, dövlət sərhədlərinin demarkasiyası məsələləri üzrə birgə komissiyanın reqlamentinin ratifikasiyası ilə bağlı Ermənistan parlamentinin daimi komissiya iclasında vitse-nazir Mqer Qriqoryan müəyyən açıqlamalarla çıxış edib. O deyib ki, biz öz problemimizi özümüz həll etməsək, onu heç kim həll etməyəcək və yaxud üçüncü ölkə həll edəcək, bu isə onun fikrincə, xəyanətdir:

"Bəli, problemləri həll etmək üçün cəsarətli olmaq lazımdır və onları üçüncü ölkəyə həvalə etməməlisiniz. Bu, hamımız üçün qəbuledilməz olan suverenliyin tükənməsi  deməkdir. Bizi buna görə  bağışlamayacaqlar”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->