Siyasət 15:36 20.03.2024

Rəsmi Moskva Paşinyanı tənqid etdi: "Azərbaycanın fikrini nəzərə almadan..."

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanı tənqid edib.

Qaynarinfo xəbər verir ki, XİN rəsmisi bu barədə brifinqdə danışıb.

Zaxarova Paşinyanın Azərbaycanla müharibə təhlükəsi ilə bağlı bəyanatını şərh edib. Onun sözlərinə görə, bu məsələləri sakit və konstruktiv manerada həll etmək lazımdır. 

XİN rəsmisinin fikrincə, xalqı qorxutmaqla Ermənistanı qane edəcək nəticə əldə etmək çətin ki, yaxşı üsul olsun:

"Bunun üçün mexanizmlər mövcuddur. Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı komissiya var. Biz bu işə kömək etməyə hazırıq. Bizim heç bir şəkildə Ermənistan rəhbərliyinin səsləndirdiyi qərarla əlaqəmiz yoxdur. Mediadan da, Ermənistan əhalisindən də, xahiş edirik, Ermənistan baş naziri tərəfindən deyilənlər heç bir şəkildə bizim ölkə ilə assosiasiya edilməməlidir. Bizimlə heç bir məsləhətləşmə aparılmayıb. Heç təmas olmayıb. Bu, istisnasız olaraq Ermənistan rəhbərliyinin məhz Qərblə, Avropa İttifaqı, NATO ilə məsləhətləşmələrinin əsasında verdiyi qərardır. Bu, onların məsuliyyət zonasıdır. Orada hansı razılaşmalar olub, hansı qərarlar qəbul olunub, hansı formada Ermənistanı təhrik ediblər, bu sualları yaxşı olardı ki, birbaşa İrəvana verəsiniz. İstərdik ki, qərbli tərəfdaşlarının təsiri altında atılan bütün addımlara görə İrəvanda bu bəyanatları səsləndirənlər məsuliyyət daşısınlar. Rusiyanın buna heç bir aidiyyəti yoxdur. Biz dəfələrlə bu barədə Ermənistanın diqqətinə çatdırmışıq. İndi də qabaqlamaq üçün edirik. Bunu ona görə edirik ki, sonra bizə deməsinlər KTMT-yə və ya Moskvaya görə bunlar baş verdi".
 


Kremlin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Ermənistan Azərbaycanın fikrini nəzərə almadan birtərəfli qaydada Avropa İttifaqının (Aİ) müşahidə missiyasını dəvət edir. Onun sözlərinə görə, bu, missiyanın effektivliyini şübhə altına ala bilər:

"Söhbət ondan gedir ki, müşahidənin predmeti nədir və bu missiya Azərbaycan tərəfindən tanınıbmı? Orada belə bir mandatın anlayışla qarşılanacağına şübhə edirəm. Bu, İrəvanın birtərəfli qərarıdır, belə bir missiyanın potensial effektivliyini şübhə altına ala bilər", deyə Peskov qeyd edib.