Sülhəddin Əkbər: “Rusiya Azərbaycan hakimiyyəti ilə olan bağları bir-bir qoparır”
“Bu müqavilənin ləğvi Rusiya hökumətinin Azərbaycan hökuməti ilə olan münasibətilərlə bağlıdır. Bilirsiniz ki, Rusiya-Azərbaycan münasibətləri son zamanlar soyuqlaşır və gərginliyə çevrilir. Qəbələ RLS-in fəalliyyətinin dayandırılmasından sonra Azərbaycanın ABŞ-la, İsraillə əməkdaşlıq etməsi, xüsusən də İsraillə hərbi saziş imzalaması, Suriya məsələsində Azərbaycanın Rusiyadan fərqli mövqe tutması belə gərginlik yaradıb”.
Bunu Qaynar.info-ya Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər Rusiyanın Azərbaycanla müqaviləni ləğv etməsini şərh edərkən deyib.
O bildirib ki, Azərbaycan bu müqaviləyə əməl etmirdi: “Müqavilədə nəzərdə tutulmuşdu ki, ildə 5 milyon ton neft ixrac olunacaq. Amma ildə yalnız iki milyon ton neft ixrac olunurdu. Əslində bu, zamanında Azərbaycan hökumətinin Rusiyaya çox böyük güzəşti idi. İndi görünür Rusiya Azərbaycan hakimiyyəti ilə münasibətləri ciddiləşdirmək fikrindədir. Demək olar ki, Rusiya Azərbaycan hakimiyyəti ilə olan bağları bir-bir qoparır”.
S.Əkbər hesab edir ki, ölkələr arasında gərginliyin yaranmaması hakimiyyətin aparacağı kompleks siyasətdən asılıdır: “Çünki Azərbaycan mühüm bir dövrə qədəm qoyub, qarşıdan seçkilər gəlir, beynəlxalq vəziyyət gərginləşir, İran məsələsinin həlli yaxınlaşır. Yəni bölgədə gərginlik artacaq. Rusiya-Azərbaycan, İran-Azərbaycan münasibətləri görünən perspektivdə gərginləşəcək”.
Şərhlər