Xəbər lenti

7 iyun - Demokratiya döyüşçüsünün günü
Siyasət 20:59 07.06.2024

7 iyun - Demokratiya döyüşçüsünün günü

Seçki - hürriyyətin təcəssümüdür, demokratiyanın özülüdür!

Bu gün Azərbaycanda hər birimizin illərdir arzuladığı demokratik, azad seçkilərin ilk dəfə keçirildiyi gündür. 7 iyun 1992-ci il - ƏBÜLFƏZ ELÇİBƏY AZƏRBAYCAN PREZİDENTİ SEÇİLİR. Xalqdan 59,4 % səs alır. 

1 il sonra hakimiyyətdən gedəcəyini bilə-bilə seçilir. Və bunu parlamentin iclasında söyləyirdi: "3 aydan sonra seçdiyiniz prezidenti 1 ildən sonra yıxacaqsınız. Mümkün deyil saxlamaq. Bunun qaydası var. Prezident o ölkədə seçilir ki, həm onu əldə saxlaya bilsin, həm də bu prezident nə vaxtsa diktatora çevrilmək istəyəndə onu saxlayan, qarşısını alan mexanizm olsun. Yoxdu axı bizdə. Yoxdusa, olmayacaq, özünüzü yormayın. Prezident saxlamaq üçün institutlar olmalıdır. Hakimiyyəti 3 yerə bölərlər, hər biri də müstəqildir. Biri qanun hazırlayır, biri icra edir, biri də tam müstəqil prezident olur. İstənilən vaxt aşağı təbəqənin nümayəndəsi prezidenti məhkəməyə verir və istədiyini alır, yoxdu axı bu institut. Kimi seçirsiniz-seçin, 1 il sonra yıxacaqsınız”.

Böyük bir imperiyanın çöküşündən sonra dövlət yaratmağa, ona bacardıqları qədər yeni nəfəs verməyə çalışan Siyasi Liderlərin hərəkətləri hər zaman müzakirə obyekti olacaqdır - bu normaldır. Zənnimizcə, ötən əsrin 92-93-cü illərində olanlara ən yaxşı qiyməti tarixçilər verəcək. Təbii ki, tarixi şəxsiyyətlərə baxış birmənalı ola bilməz. 

Şübhəsizdir ki, dövlətin yarandığı mürəkkəb dövrdə, savaşın, inqilabların, çevrilişlərin, baş alıb gedən xəyanətlərin içində ən doğru qərarları vermək lazım idi. Bəlkə də bu gün bizə elə gələ bilər ki, o qərarlar doğru deyildi, vəziyyətdən çıxış yolları vardı, başqa variantlar mövcud idi. Əlbəttə, üstündən 31 il keçəndən sonra rahat divanda çay içə- içə hadisələri təhlil edib variant tapmaq asandır. 

Bəli Qüsursuz lider yoxdur. Bu dünyada gəlmiş-keçmiş bütün liderlərin qüsurları, yoldan sapmaları olub və var. Bu, təbiidir! Lakin bütün xalqlar özgüvənlərini qorumaqdan ötrü siyasi liderlərinə sahib çıxıblar, onların bəşəri xidmətlərini önə çəkiblər. Öz liderlərinin, tarixi şəxsiyyətlərinin yalnız qüsurlarını önə çıxaran xalqın natamamlıq kompleksi yaranır, vətəndaşları özünə güvənmir, fərdlər ümumilikdə yararsız bır topluma çevrilir. Biz demirik ki, qüsurlar gözardı edilməlidir, onları dilə gətirmək və nəticə çıxarmaq lazımdır. Ta Axundovdan, Sabirdən, Üzeyir bəydən, Məmmədquluzadədən üzübəri bunu görürük. Lakin bu proses qətiyyən aşağılamaq xarakteri daşımamalıdır, natamamlıq kompleksinə aparan xətt üzrə getməməlidir.

Prezident Elçibəy çox ciddi bir tarixiçi alim idi, Şərqi gözəl bilirdi, dini gözəl bilirdi və Şərq xalqlarının psixologiyasını gözəl bilirdi. Elçibəy bilirdi ki, bir şərqlinin padşah idealına uyğun tip deyil. Bu gün Avropada velosipedlə, metro ilə, avtobusla işə gedən dövlət başçılarını görürük. Və bunlar o dövlətlərdir ki, demokratik dəyərlər və əhalinin rifahına görə dünyada birincidirlər. Amma Şərqdə padşahın nəinki velosipedlə işə getməyi, hətta maaşını gözləyib qızına ayaqqabı alması belə onu güclü yox, zəif göstərir. Bir şərqli padşah tiran, diktator ola bilər, amma sadə ola bilməz. O, xalqdan ola bilməzdi, olarsa, padşah olmayacaqdı. Şərqdə demokratik prezident institutunun padşahlıqdan fərqli olduğunu, fikir müxtəlifliyinin dövlətə qarşı deyil, əksinə dövlət dəyərlərinin möhkəmlənməsinə xidmət etdiyini aşılamaq istəyirdi... 

Amma onu da gözəl bilirdi ki, cəmiyyət Elçibəyin bu yanaşmalarından hələ çox uzaqdadır. Gətirmək istədiyi Qərb dəyərləri bu şərqli cəmiyyət üçün çox uzaqdı və bu xalq onu devirəcək. Bəlkə də, etiraz edən ola bilər ki, Elçibəyi xalq devirmədi, amma üsyana etinasızlıq və çarəni başqa yerlərdə axtarmaq elə onu devirmək idi.

Xalqın etinasızlığının və çarəni başqa yerdə axtarmağının isə tək suçlusu komandası idi.(Çox cüzi istinadları çıxmaq şərti ilə məsələn Vurğun Əyyub, Sabit Bağırov istisnadır) Bacarmadılar. Şərq toplumu ilə işləməyin yolların öyrənmədilər. Bəli səriştəsiz və qabliyyətsiz çıxdılar. Özəlliklə güc strukturları. 

 Bəlkə elə ən çox bu məsələdə Elçibəyi qınamaq olar amma dediyim kimi onun millətimizin tarixində oynadığı rol o qədər böyükdür ki, bunları danışmaq o xidmətlərin yanında ayıb olar. 

Digər bir tərəfdən özünün sözü olmasın o dövrün xammalının keyfiyyətsiz çıxmasıda zamanın məsələsi idi. Ona görə tez-tez hər şeyin zamana ehtiyacı var deyirdi.

 Gəncliyə güvənirdi,yeni nəsillərin formalaşmasını gözləyirdi...

Bir tarixçi alim kimi başa düşürdü ki, inqilablardan sonra hakimiyyətə gələnlər sərt qanunlar tətbiq edirlər. Düşmənlərini əzir, rəqiblərini yox edirlər. Əks halda həmin rəqiblər baş qaldırıb üsyan edəcəklər - biz bunu 4 iyun qiyamında gördük. Bu labüd idi və bizim 4 iyunda yaşayaraq gördüyümüzü Elçibəy 1 il əvvəlcədən görmüş və parlamentdə söyləmişdi. 

O, onu devirmək istəyənləri əzə bilərdi, lakin yaxşı bilirdi ki, bu gün sərtləşən Elçibəy təkcə düşmənlərini əzməyəcək, eyni zamanda, nə vaxtsa cücərəcək demokratik dəyərləri də məhv edəcək.

 O, şəxsən siyasi meydanda məğlub ola bilərdi və oldu da, amma demokratik dəyərlərin məğlub olmasına və demokratiya adı altında hakimiyyətə gəlmiş qüvvələrin həmin demokratiyanı boğmasına izn verməzdi və vermədi də. Məhz bu gün formalaşan nəsillər üçün etmədi. 

Komandasının nəyə qadir olduğunu bildiyi üçündə səssizcə getdi.Ömrü yetsəydi yeni yetişən nəsillərlə demokratiya uğrunda savaşacaqdı olmadı... Olmaması sadəcə onun fiziki olaraq aramızdan getməsinə görə deyil həm də güvəndiyi nəslin siyasətdə önəmli rol ala bilməməsi üşün "komandasının" maşa kimi istifadə olunması oldu. Siyasi meydanın piştaxtalatında satılan məhsullar nə Ayaz Mütəllibovun adamları oldu nə Heydər Əliyevin bütün istehsal Elçibəyə aid oldu. Əslində adları onundur mahiyyətləri yox. Bütün süni yetişdirilən, hər türlü siyasi oyunlarda istifadə olunan "müxalifətin" təmsilçiləri Elçibəy "komandası" oldu. 

 Rusiya və İranada elə bu lazım idi. Yeni yetişən nəslin gözündə milli qüvvələri aşağı kriterlərdə göstərmək. Bacardılarda özüdə əziyyət çəkmədən. Çünki yaxşı bilirdilər ki, adının kölgəsində sürünənlər hətta Elçibəyin ədalət və vicdan anlayışına toylarda saldığı məbləğə görə qiymət verən adamlardılar. Bunları almaq və könüllərdə taxt qurmuş bir siyasi liderin adını ölümündən sonrada ətrafındakı adamların adı ilə ləkələmək ən rahat yol idi. 

Siyasi meydanda maddisal Uduzmaq bəzi məqamlarda qaçılmaz olur - gedilən yolun qaçılmaz məqamıdır bəzən uduzmaq. 
 Lakin hünər lazımdır ki, bu məğlubiyyətin sorumluluqlarını üstələyəsən. Məğlubiyyətlə bağlı bütün ittihamlara cavab verəcək şəxs də tək özü oldu. Çünki Elçibəy yaxşı bilirdi ki, sonda qalib gələn şəxslər deyil, fikirlər olur. Bir gün onun gətirdiyi fikir meydanın tək qalibi olacaq!
 
Necə ki, oldu!

İndi hər kəs Turançı, hər kəs Bütöv Azərbaycançı olub. Amma vaxt var idi ona bu siyasi- ideoloji çağrışlarına görə "praqmatik siyasətçilər" gülürdü.

Rahat uyu bəy, hə ola bilsin bizdə demokratiya döyüşündə uduzaq heç qalib gəlməyək amma qazanmaq üçün də sənin ruhunu sızlatmayacığımızdan əmin ol, qoy indi bunu da oxuyub bizə gülsünlər...Dediyin kimi hər şeyin zamana ehtiyacı var!

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->