Xəbər lenti

Gürcüstanı kim və niyə qarışdırır? (ŞƏRH)
Dünya 22:43 07.06.2024

Gürcüstanı kim və niyə qarışdırır? (ŞƏRH)

"Bu sayaq açıqlamalar "Gürcü arzusu” hökumətinin siyasi blefidir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Gürcüstan hökumət başçısının 2030-cu ilə qədər Abxaziya və Cənubi Osetiyanın geri qaytarılacağı barədəki fikirlərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Gürcüstanda "Xarici agentlər haqqında” qanunun qəbulundan sonra ölkədaxili gərginlik pik həddə çatıb:

”Bu hadisələr fonunda Gürcüstan hakimiyyətinin geri çəkilməsi siyasi intihar demək olardı. Onlarin bu istiqamətdə irəliləməsi də hakimiyyətə müəyyən problemlər yaradır. Ona görə də "Gürcü arzusu” hökuməti daxili siyasət üçün müəyyən bleflər etməyə məcburdur. Belə bleflərdən də biri 2030-cu illə bağlı elan olunan hədəflərdir. Bu hədəflər həmin dövrə qədər Abxaziya və Cənubi Osetiyanın yenidən Gürcüstana qaytarılması və Tiflisin Aİ-yə üzvlüyü məsələləridir”. 
 


Ekspert qeyd edib ki, hər iki ideyanın bir arada gerçəkləşməsi real görünmür:

"Rusiyanın nəzarətində olan iki bölgənin güc vasitəsilə azad edilməsi real deyil. Bu torpaqların yenidən Gürcüstana qayıtması yalnız Moskvanın şərtləri daxilində mümkündür. Lakin Moskva keçmiş sovet respublikalarının avroatlantik məkana inteqrasiyasına qarşıdır və bu prosesdə aktiv olanları davamlı olaraq cəzalandırır”.

T.Əliyevin fikrincə, Moskva Gürcüstanın ərazi bütövlüyünün bərpasına razılıq versə, burada hazırkı Gürcüstan dövlət modelini deyil, yeni bir Gürcüstanın şahidi olacağıq:

"Bu konfederasiya və federasiya da ola bilər. Abxaziya və Cənubi Osetiya bu fonda həmçinin Gürcüstanın xarici siyasət vektorunun müəyyənləşməsində müstəsna hüquqlar əldə edə bilər ki, bu da Gürcüstanın müstəqil xarici siyasət kursunun birdəfəlik itirilməsi demək olacaq. Digər tərəfdən, 2030-cu ilə qədər həmin torpaqlar Rusiyanın razılığı ilə geri qaytarılsa da, Tiflisin həmin dövrdə Aİ-yə üzv olması tam blef olacaq”. 

Həmsöhbətimiz deyib ki, hakimiyyət sadəcə olaraq, xalqın müxalifətin ətrafında birləşməsini əngəlləmək üçün bu sayaq açıqlamaları gündəmə atıb. 

Qeyd edək ki, son aylar Gürcüstanın ərazi bütövlüyünü bərpa edəcəyi ilə bağlı xəbərlər artıb. Gürcüstanın baş naziri İrakli Kobaxidze 26 may Müstəqillik Günü ilə bağlı çıxışında deyib ki, məqsədləri "vəd edilmiş torpaqlar”ın qaytarılmasını və ya "gürcü arzusu”nu Gürcüstanın müstəqilliyinin 40-cı ildönümündə reallaşdırmaqdır. Baş nazir bildirib ki, söhbət konkret 2030-cu ildən gedir: "2030-cu ildə abxaz və osetin qardaş və bacılarımızla vahid və güclü Gürcüstanda yaşamaq arzumuzdur. Vahid və güclü Gürcüstan Avropa ailəsinin tam hüquqlu üzvü olmalıdır”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->