Siyasət 17:55 01.12.2022

"Rusiya sülhməramlılarının məqsədi odur ki..." - Ərəstun Oruclu Kremlin planlarını şərh edir

Azərbaycan Müdafiə Nazirliyi Rusiyaya növbəti dəfə etiraz bəyanatı ünvanlayıb. Sənəddə qeyd edilir ki, "Rusiya sülhməramlı kontingentinin müraciətlərimizə etinasız yanaşması təəssüf doğurur". 

Bildirilib ki, Azərbaycan ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi ilə bağlı bir daha qeyd etmək istəyirik ki, bu YOLVERİLMƏZDİR: "Rusiya sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq və bu çağırışımıza əməl olunacağına ümid edirik. Bundan başqa ölkəmizin adının da paylaşdıqları xəritədə düzgün qeyd olunmasını tələb edirik. Bir daha xatırlatmağı özümüzə borc bilirik ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 29.11.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, "Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müavafiq olaraq AĞDƏRƏ, XOCAVƏNDDİR. Sülhməramlı kontingentin həmin məlumatda qeyd etdiyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Şuşa istiqamətində atəş açılması və nəticədə iki nəfərin yaralanması barədə xəbərin də heç bir real əsası yoxdur, tamamilə yalandır. Bu məlumatı qəti surətdə təkzib edirik". 

Bu artıq Azərbaycan tərəfinin Rusiya Müdafiə Nazirliyinə ünvanladığı 6-cı bəyanatdır. Amma buna baxmayaraq, görünən odur ki, rus sülhməramlıları yenə də istədiklərini etməkdə davam edirlər. Bu da onu deməyə əsas verir ki, Rusiya bilərəkdən vəziyyəti gərginləşdirməyə çalışır. 

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Qaynarinfo-ya açıqlamasında bildirib ki, rus sülhməramlılarının həmin addımları aranı qızışdırmağa, müharibə üçün zəmin yaratmağa hesablanmış addımdır: 



"Məsələ ondadır ki, Qarabağdakı "rus sülhməramlıları” birmənalı şəkildə oradakı qanunsuz silahlı birləşmələrlə əməkdaşlıq edir, onları silahlandırır. Bu qüvvələr onlara təlimlər keçir, ürəkləndirir, psixoloji baxımdan hazırlayırlar. Bunda məqsəd də əlbəttə ki, müharibəyə hazırlıqdır. Rusiyanın niyyəti istər Qarabağda, istərsə də Azərbaycan-Ermənistan sərhədində müharibəni qızışdırmaqdır. Çünki indiki halda  müharibə Rusiyaya hava-su kimi lazımdır ki, bölgəni nəzarətinə qaytarsın. Bu səbəbdən də Azərbaycan tərəfdən verilən bəyanatlara Moskva heç bir reaksiya vermir. Azərbaycan tərəfi də bunu anladığından, rusların hər qanunsuz addımını nəzərə alır və ani reaksiya verir. Birmənalı şəkildə rus sülhməramlılarının həmin addımları məhz provokasiyadır, aranı qızışdırmağa, müharibə üçün zəmin yaratmağa hesablanmış addımdır. Eyni zamanda Azərbaycana açıq şəkildə təzyiq  edirlər. Göstərirlər ki, biz heç nəyə reaksiya vermirik, öz işimizi görürük və  görəcəyik”. 

Həmsöhbətimizə görə, Bakı prosesin bu cür davam edəcəyi təqdirdə, 10 noyabr bəyannaməsindən çıxacağını bəyan etməlidir:

"Azərbaycan ona qarşı diplomatik siyasi metodlardan istifadə etməlidir. Ümid edirəm ki, Azərbaycan tərəfi bu bəyanatları hər dəfə səsləndirib qeyd etməklə son nəticədə 10 noyabr 2020-ci il bəyannaməsindən çıxmaq üçün zəmin hazırlayır. Düşünürəm ki, indiki mərhələdə ən optimal variant da budur. Rusiyanın bu davranışını təxribat kimi qiymətləndirmək, sülhməamlıların öz missiyasını yerinə yetirməməsi kimi qdəyərləndirmək lazımdır. Azərbaycan bildirməlidir ki, proses belə davam edərsə, o 10 noyabr bəyanatından çıxacaq və rus hərbçiləriin ərazimizdən çıxmasını tələb edəcək. Çünki bəyanatdan çıxmaq əslində bu anlama gəlir. Artıq buna susmaq mümkün deyil”. 

Rüfət Sultan