Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Proqramda dağ-mədən və metallurgiya sənayesinin inkişafı, sektorun iqtisadiyyatda rolunun artırılması, investisiyaların cəlb edilməsi, ixrac potensialının genişləndirilməsi və yeni iş yerlərinin yaradılması ilə bağlı bir sıra hədəflər müəyyənləşdirilib.
Bəs dağ-mədən sənayesinin inkişafı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə necə təsir göstərəcək?
İqtisadçı Eyyub Kərimli Qaynarinfo-ya bildirib ki, qarşıdakı dövrdə Azərbaycan iqtisadiyyatı üçün əsas məsələlərdən biri qeyri-neft sektorunda yeni və dayanıqlı artım mənbələrinin formalaşdırılmasıdır:
"Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı xüsusi əhəmiyyət daşıyır. 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramında kifayət qədər iddialı hədəflər müəyyən edilib. Sektorun ÜDM-ə töhfəsinin hazırkı təxminən 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Bunun üçün 2027–2030-cu illərdə ümumilikdə 5,3 milyard manat investisiya planlaşdırılır".

İqtisadçının sözlərinə görə, əsas məsələ yalnız qızıl, mis və digər filizlərin çıxarılması deyil:
“İqtisadi baxımdan daha səmərəli model xammalın ölkə daxilində emal edilməsi, metallurgiya və son məhsul istehsalının genişləndirilməsi və bununla daha yüksək əlavə dəyərin Azərbaycanda qalmasıdır”.
Eyyub Kərimli proqramın məşğulluq və regionların iqtisadi inkişafı baxımından da əhəmiyyətli olduğunu bildirib:
"Proqram çərçivəsində 5 mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Eyni zamanda, Kəlbəcər, Ağdərə və digər ərazilərdə yerləşən yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi regionlarda məşğulluğun və biznes fəallığının artmasına əlavə təkan verə bilər".
İqtisadçı hesab edir ki, proqramın uğurlu icrası dağ-mədən və metallurgiya sənayesinin qeyri-neft sektorunda yeni artım mənbəyinə çevrilməsinə imkan verə bilər:
“Hesab edirəm ki, bu strategiya uğurla icra olunarsa, dağ-mədən və metallurgiya sənayesi təkcə yeni ixrac mənbəyi deyil, həm də qeyri-neft sənayesinin yeni artım sütunlarından birinə çevrilə bilər”.
"Dövlətin sektora marağının artması özəl investorların bu sahəyə cəlb olunmasına nə dərəcədə təsir edəcək və bunun üçün hansı addımlar vacibdir" sualına isə cavab olaraq iqtisadçı əlavə edib ki, bu sektora daha çox biz xarici investorların marağının artmasını müşahidə edəcəyik:
"Digər tərəfdən, sözsüz ki, dövlət bu sektora əlavə vəsait və maliyyə cəlb edərsə, burda cəlb edicilik artır və dövlət gələcəkdə hesab edirəm ki, emal sənayesinə və bu sahədə fəaliyyət göstərən sahibkarlara özü müəyyən güzəştlər tətbiq edə bilər. Düşünürəm ki, mədən sənayesi ümumiyyətlə çox investisiya tələb edən sahəsidir və xammalın çıxarılması dövlət tərəfindən həyata keçirilərsə, gələcəkdə müəyyən məhsulların rəqabətini təmin edilməsində özəl sektorun daha çox marağı yarana bilər. Belə ki, xammal artıq ölkədə hasil olunubsa, burda özəl sektor üçün də geniş imkanlar yaranır".
Günay İlqarqızı
Şərhlər