Siyasət 13:15 02.11.2022

Rusiyanın Soçidə təklif etdiyi sənəddə Azərbaycanın etiraz etdiyi iki bənd: Orda nə deyilir?

Ermənistanda hakim "Vətəndaş sazişi” Partiyasından olan bir sıra deputatlar bilirib ki, Rusiya 15 bənddən ibarət sənəd təqdim edib. Onlardan 14 və 15-i hər iki tərəf - Azərbaycanla Ermənistan üçün problem yaradır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistanın "Joqovurd” qəzeti yazıb.

"14-cü bənd Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının müddətinin uzadılması ilə bağlı idi. Ermənistan bu təklifin tərəfdarı olsa da, Azərbaycan bunu rədd edib. 15-ci bənd Azərbaycanın da qarşı çıxdığı Qarabağın öz müqəddəratını təyinetmə məsələsindən bəhs edirdi.
Nəşr qeyd edir ki, Qarabağın öz müqəddəratını təyin etməsi məsələsi Qərb versiyasına görə həll olunmasa da, sentyabr döyüşlərindən sonra Rusiya tərəfinin neytrallığını nəzərə alan Ermənistan hakimiyyəti sülh müqaviləsinin Qərb versiyasına meyl edir", deyə qəzet yazır.

Bu xəbərin ardınca Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə büdcə müzakirəsi zamanı Soçi görüşünün bəzi detalları ilə bağlı açıqlamalar verib. Onun sözlərinə görə, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə Soçidə keçirilən sammitdə onlar Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlılarının mandatının uzadılması ilə bağlı qərarın qəbul edilməsi təklifi ilə çıxış edib. Lakin bu təklif rədd edilib.  

"Biz mandatın qeyri-müəyyən müddətə - 5, 20 il müddətinə uzadılmasını təklif etdik. Qəbul olunmasa da, fikrimcə, məsələ artıq aktuallaşıb və gündəliyə salınacaq", deyə Paşinyan bildirib.

Baş nazir vurğulayıb ki, İrəvan üçün sülhməramlıların mandatının avtomatik uzadılmasına tərəflərdən heç birinin etirazı olmadığı və etməyəcəyi faktını möhkəmləndirməsi vacibdir.

"Dağlıq Qarabağda sülhməramlıların olması etibarlı mexanizmlər və təminatlar yaradılana qədər burdakı ermənilərin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsinin ən mühüm təminatçısıdır", deyə Paşinyan əlavə edib.

Eyni zamanda o bildirib ki, Dağlıq Qarabağın statusu məsələsi ilə bağlı Rusiyanın mövqeyi Ermənistan hökumətinin yanaşmasına tam uyğundur.

Ermənistanın Baş naziri Rusiya tərəfinin bu mövqeyini xatırladıb. Qeyd edib ki, indi hamı üçün məqbul statusa nail olmaq obyektiv olaraq mümkün deyil:

"Rusiyalı həmkarlarımız bildirdilər ki, onların fikrincə, Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin qeyri-müəyyən müddətə təxirə salınması düzgün olardı və bunu bütün tərəflər üçün məqbul sayılan hansısa statusun tapılmasının mümkünsüzlüyü ilə əsaslandırdılar. Ermənistan hökumətinin siyasəti bu baxışa nə qədər uyğundur? Deməliyəm ki, bu, yüz faiz uyğundur”.

Paşinyanın sözlərinə görə, məhz bu səbəbdən Ermənistan hökuməti üç əsas komponenti səsləndirməkdə davam edir: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi, hüquqları və status.

"Siz fikir vermisiniz ki, müzakirələrimizdə, belə demək mümkünsə, status məsələsini "saxlamışıq" və bu barədə ən sonda danışırıq. Niyə? Çünki biz rusiyalı tərəfdaşlarla razılaşmışdıq ki, bu məsələ indi gündəmə gətirilməməlidir. Çünki bu, qaçılmaz böhrana gətirib çıxaracaq”, deyə baş nazir əlavə edib.

Soçidə keçirilən danışıqlarda erməni tərəfi təkid edirdi ki, birgə bəyanatın mətni hazırlanarkən Rusiyanın təkliflərinə istinad edilməlidir. Lakin sonra müəyyən səbəblərə görə, o cümlədən rusiyalı tərəfdaşların çağırışı ilə vəziyyəti dalana salmamaq üçün bunu etmədilər. Paşinyan Putin və Əliyevlə Soçidə görüşü vacib, faydalı adlandırıb və bu görüşü sülh gündəliyinin təbliğinə töhfə verdiyini bildirib.

Nizami Bağırov