Xəbər lenti

Senatorlardan ABŞ Konqresinə çağırış: Rusiya terrorizmin sponsoru kimi tanınsın
Dünya 16:43 21.06.2024

Senatorlardan ABŞ Konqresinə çağırış: Rusiya terrorizmin sponsoru kimi tanınsın

Rusiya Federasiyası ilə KXDR arasında tərəfdaşlıq sazişinin imzalanması və avtoritar ölkələr arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi ABŞ Konqresində Rusiya Federasiyasının terrorizmin dövlət himayədarı kimi tanınması barədə qərarın qəbulu üçün son təkan olmalıdır.

Qaynarinfo "Amerikanın səsi”nə istinadən xəbər verir ki, bu barədə cümə axşamı, iyunun 20-də ABŞ Konqresinin hər iki aparıcı partiyasının senatorları müvafiq qanun layihəsini təqdim edərək bildiriblər https://www.holosameryky.com/a/pislia--uhody-mij-pivnichnoju-korejeyu-i-ri-osijeju-nastav-chas-daty-vidsich/7663781.html?fbclid=IwZXh0bgNhZW0CMTAAAR10Eul23OODDJS2i3C2oV59qVQG70r3PXznFwj_2WX8V2khdnAIJGTx3_M_aem_ZmFrZWR1bW15MTZieXRlcw .
Respublikaçı senator Lindsi Qrem bildirib ki, Rusiyanın Ukraynada və dünyanın başqa yerlərində törətdiyi cinayətlərə əlavə olaraq, Rusiya diktatoru Vladimir Putinin Şimali Koreyaya səfəri yeni problem yaradır və indi bu qanun layihəsinin qəbulu üçün "məqam”dır.
"Planetin ən repressiv rejimlərindən biri olan Şimali Koreya ilə müdafiə sazişi bağlamağa cəsarətinin çatması o deməkdir ki, biz çəkindirmə gücümüzü itirmişik”, - o bildirib.

Qrem ABŞ prezidenti Co Bayden administrasiyasını Putinin etdiklərini nəzərə alaraq, va-bank getməyə və onun rejimini terrorizmə sponsorluq edən dövlət kimi tanımağa çağırıb.

Demokrat senator Riçard Blümental deyib ki, Putin və Kim Çen In arasında imzalanan saziş "çox qorxuludur” və "Birləşmiş Ştatlara və dünyada sülh, azadlıq və ədalətə düşməni mövqedir".

Qanun layihəsinin müəllifləri olan senatorlar vurğulayıblar ki, Putinin göstərişi ilə Rusiya hökuməti "siyasi rəqiblərə, xarici vətəndaşlara və digər ölkələrə qarşı beynəlxalq terror aktlarına şərait yaradıb və kömək etməkdə davam edir”.

Senatorlar həmçinin Rusiya Federasiyasının terror fəaliyyətinin sübutları siyahısına aşağıdakıları əlavə edilməsini təklif edirlər:

minlərlə günahsız mülki şəxsin vəhşicəsinə qətlə yetirilməsi ilə nəticələnən 2022-ci ildə suveren Ukraynaya qanunsuz müdaxilə;

2004-cü ildə Ukrayna prezidentliyinə namizəd Viktor Yuşşenkonun zəhərlənməsi;
2006-cı ildə keçmiş Rusiya FSB zabiti Aleksandr Litvinenkonun zəhərlənməsi;
2014-cü ildə Donetsk vilayətində "Malaysia Airlines”nin 350 reysinin vurulması;
2016-cı ildə Suriyada Hələbin havadan bombalanmasına dəstək;
2018-ci ildə Böyük Britaniyada keçmiş rusiyalı hərbçi, ikili agent Sergey Skripal və qızının zəhərlənməsi;
2024-cü ildə rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümü.

Qanun layihəsinin nə vaxt səsverməyə çıxarıla biləcəyini soruşduqda, senatorlar bunun "tez" olacağını söyləyib. 

"Vaxtla bağlı proqnozlar Birləşmiş Ştatların Senatında olduqca təhlükəlidir", - deyə Blümental bildirib.

Eyni zamanda, onun sözlərinə görə, indi Konqresdə Rusiyanı terrorizmin dövlət himayədarı kimi tanıyan qanun layihəsinə ikipartiyalı dəstək var.
Demokrat senator qeyd edib ki, sənəd ABŞ Prezident Administrasiyası ilə də əməkdaşlığı nəzərdə tutur.

"Mən bu sənədlə bağlı administrasiya ilə danışmışam. Onlar, şübhəsiz ki, bizim məqsədlərimizə rəğbət bəsləyirlər. Bəzi məqamlar üzərində işləmişik. Biz onlarla işi davam etdirməyi planlaşdırırıq. Amma düşünürəm ki, indi bizim irəli getməyin vaxtıdır”, - Blümental bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->