Ölkə 11:56 30.06.2022

Sumqayıtda sürücü-sərnişin davası: Günahkar kimdir, hansı cəza verilə bilər? - Vəkil

"Sürücüyə Cinayyət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurmaq) üzrə çinayət işi açıla bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov Sumqayıtda sərnişini avtobusdan itələyən sürücü ilə bağlı videodan danışarkən deyib. Onun sözlərinə görə, sözügedən olayda qadının günahı daha böyükdür:
 
"Qadının birinci günahı avtobusu qanunsuz yerdə saxlatmaq tələbidir. İkincisi, qadın özü birinci təhqirə keçir. Üçüncüsü, özü ilk olaraq sürücüyə zərbələr endirir. Cinayyət Məcəlləsinə görə bunun da cəzası 1000 manatdan 1500 manatədək cərimə, yaxud 200 saatdan 360 saatadək ictimai işlər və ya bir ilədək islah işləri, bir ilədək azadlığın məhdudlaşdırılması və bir ilədək azadlıqdan məhrumetmədir. Fikirimcə, sürücüyə ən yüngül cəza verilməlidir, çünki burada qadının da günahı var”. 

Əkrəm Həsənov hesab edir ki, bu kimi hallarda prosesləri əvvəldən izləmək yaxşı olar:
 
"Orada mübahisə necə başlayıb, bunu bilmək vacibdir. Hiss olunur ki, qadın birinci başlayıb, təhqirə keçir. Sürücü sanki ona cavab verməyə başlayır. Əlbəyaxa döyüşə də qadın başlayır. Sürücü oturub yerində, qadın isə ona yaxınlaşır. Burada zəruri müdafiə məsələsi də var. Zəruri müdafiə odur ki, Cinayyət Məcəlləsinə görə özünü müdafə edən zəruri müdafiə həddini aşmırsa, bu, cinayət sayılmır. Buna da qiymət verilməlidir. Sürücü orada özünü müdafiə edir. O anda insan dəqiqliyi ilə hər şeyi düşünə bilmir, üstünə kim gəlirsə, özünü müdafiə etməlidir, üstəlik qadın əlindəki çanta ilə ona zərbələr endirir. Fikirimcə, bu, zəruri müdafiədir. Bu baxımdan, sürücünün əməlində cinayət görmürəm”. 

Qeyd edək ki, Sumqayıtda sərnişini təpiklə vuraraq avtobusdan itələyən sürücünün videogörüntüsü yayılıb. Bundan sonra sürücü Aqil Kosayev işdən çıxarılıb, polis araşdırmaya başlayıb.

Bahar Rüstəmli