Xəbər lenti

Təşəkkürlər, “Qarabağ”!
Amal Abuşov
İdman 08:33 25.08.2023

Təşəkkürlər, “Qarabağ”!

Çox yox, cəmi 23 gün bundan əvvəl hər şey başqa cür idi. Polşa çempionu "Rakuv”la 1:1 hesablı bərabərliklə bitən oyundan sonra "Qarabağ”ı sancmağa çalışanlar, komandanın baş məşqçisi Qurban Qurbanovu özündən çıxarmağa cəhd edənlər sıraya düzülmüşdü. Sosial şəbəkələrdə də müəyyən qruplar bu işdə xüsusi canfəşanlıq göstərir, bir sözlə hərə aylarda əlində saxladığı daşı "Qarabağ”a tərəf daha sürətlə atmağa həvəslənmişdi.

İş o yerə gəlib çatmışdı ki, komandaya dövlət başçısının ehtiyat fondundan ayrılan mükafatın belə hesabını soruşur, bacaran-bacarmayan auditlik etməyə çalışırdı. Azarkeşlər azarkeşliyi buraxıb dövlət ittihamçısına, jurnalistlərin jurnalistliyi buraxıb vergi xidmətinin özünü gözə soxmağa çalışan əməkdaşına çevrilmişdi. Bu çətin məqamda Qurban Qurbanovun səbrli davranışını, "hamınız sualınızı verin, mən bir dəfəlik cavablayacam” deməsini böyük maraqla izləmişdim. Adam nə etdiyinin, nə dediyinin fərqində idi.
 
Əmin idim ki, bütün ittiham qoxulu sualların cavabı veriləcəkdi. Həmin axşam olmasa da, bir müddət sonra bu cavab mütləq olacaqdı. Zaman yetişdi. Rəhmətlik Elçibəy demişkən, hər şeyin zamana ehtiyacı var...

Öz sözünü deyən təkcə zaman olmadı. "Qarabağ” oyundan-oyuna "artırdı”, problemlərini çözdu, futbolçuları formaya düşdü. Belədə qələbələr də bir-birinin ardınca gəlməyə başladı. Əslində həmin axşam da faciəvi nəsə baş verməmişdi. "Qarabağ” Polşa çempionu ilə keçirdiyi iki 90 dəqiqənin hər birində üstün tərəf idi. Səfərdə bəxt bizdən üz döndərmiş, qaçırdığımız saysız-hesabsız fürsətin qarşılığında rəqib əlinə düşən yarımimkanları belə qola çevirməyi bacarmışdı. Bu işdə onlara Elvin Cəfərquliyevlə Şahriddin Məhəmmədəliyevin arasındakı anlaşmazlıq, "Şah”ın daha bir epizodda kobud səhvi yardımçı olmuşdu.
 
Doğma meydanda qələbə qazanan "Rakuv” Bakı Olimpiya Stadionunda "futbolun kitablarında” olan və olmayan bütün biclikləri işə salmaqla heç-heçəyə sevinmiş, mərhələni adlamağı bacarmışdı.
"Qarabağ”ın potensialının daha artığına imkan verdiyini, Qurban Qurbanovun məşqçi kimi bizi sevindirməyə davam edəcəyini elə onda da bilirdik, deyirdik. Amma "qəzəbli kütlə”, ondan geri qalmayan bəzi mətbuat nümayəndələri bizi dinləyəcək səbrdə və həvəsdə deyildilər. Bəli, Şahruddin Məhəmmədəliyev bu səviyyədə oyunların xarakterinə uyğun olmayan kobud səhvlər edib. Bunu danmaq olmaz. Elə həmin səhvlər də "Qarabağ”ı büdrətdi, bizi məyus etdi. Lakin futbolun amansızlığı, cəlbediciliyi də elə bundadı. Heç kim təminat verə bilməz ki, "çərçivə”də keçilməz qapıçı qoyanda belə komanda məğlub olmayacaq. Futbolda fərdi səhvlər qaçılmazdır. Bir oyunda qapıçı səhv edər, digərində müdafiəçi, o birində də hücumçu. Pis odur ki, qapıçının səhvləri daha çox nəzərə çarpır, daha ağır nəticələr verir.
Çətin günlər arxada qalıb. Polşa çempionunu keçə bilməməyimizə çox üzülmüşdük.
 
"Rakuv” artıq Çempionlar Liqasının play-offundadır. Əvəzində Sloveniya çempionunu səfərdə məğlub etmişik. Artıq işin böyük bir hissəsi həll edilib, möcüzə baş verməsə, "Qarabağ” bu il də Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil edəcək. Çempionlar Liqasının qrupunu kim istəməzdi ki?! Amma ora arzuyla buraxmırlar, dostlar.
 
Bu işin təkcə "Qarabağ”dan asılı olmayan tərəfləri var. Digər təmsilçilərimizin Konfrans Liqasındakı çıxışını incələyəndə acı mənzərə gözümüzün önündə daha aydın canlanır. Odur ki, "Qarabağ”ı qınamayaq, hər birimizin bu komandaya bir təşəkkür borcu var.

Təşəkkürlər, "Qarabağ”!
 
Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->