Ekonomiks 17:58 12.03.2024

Türkmənistan qazı uğrunda mübarizəyə Ankara da qoşulur? (ŞƏRH)

"Azərbaycan həmin layihəyə yatırım etmək fikrində deyil".
 
Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban Türkyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdarın ölkəsinin Türkmənistandan təbii qazın nəqlində maraqlı olduqlarını bəyan etməsini şərh edərkən deyib.

"Türkiyə uzun müddətdir ki, enerji qovşağı məsələsini reallaşdırmağa çalışır. Bunun üçün də öz ölkəsinə müxtəlif mənbələrdən təbii qazın daxil olmasının təminatını artırmaq niyyətindədir. Hazırda Türkiyəyə boru kəmərilə Rusiya, Azərbaycan, İrandan və 5-6 ölkədən maye halında qaz daxil olur. Ancaq bu həcmlərin artırılması üçün Ankaraya və Avropadakı istehlakçılara maraq doğuracaq yeni mənbələr lazımdır. Onlardan biri də Türkmənistan qazıdır", deyə ekspert bildirib.
 
İlham Şaban deyib ki, bu məsələ keçən əsrin 90-cı illərin ortalarından gündəmdədir:

"Ona görə də türkiyəli nazir sözügedən 3 marşurutun adını çəkib". 
 


Həmsöhbətimiz qeyd edib ki, türk nazirin sadaladığı marşurutlardan Azərbayan üçün ən məqbulu ölkəmizin ərazisindən keçən marşurut olacaq:

"Çünki belə olarsa, bundan Azərbaycan da gəlir əldə edəcək. Marşurutun necə reallaşmasını isə siyasi və iqtisadi səviyyədə Azərbaycan rəhbərliyi bir neçə dəfə elan edib. Azərbaycan həmin layihə üçün hansısa yatırım etmək fikrində deyil. Çünki bu Azərbaycan qazının hansısa bazarlara çıxarılması məqsədi güdmür. Ölkəmiz sadəcə bu zaman öz ərazisini, borudakı boş həcmləri təklif edə bilər". 

Qeyd edək ki, keçən həftə sonu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar "Foreks"ə müsahibəsində Türkmənistandan təbii qazın nəqlində maraqlı olduqlarını bəyan edb. O, bildirib ki, bununla  bağlı müxtəlif variantları nəzərdən keçirirlər:

"Türkiyə Türkmənistandan təbii qazın nəqlinin təşkili üçün müxtəlif variantları nəzərdən keçirir - İran ərazisindən, Azərbaycandan tranzitlə, o cümlədən Xəzərin dibi ilə boru kəməri ilə vasitəsilə”. 

Rüfət Sultan