Xəbər lenti

Üçüncü Xəzər İqtisadi Forumundan nə gözləmək olar? - Ekspert
Siyasət 18:18 17.02.2025

Üçüncü Xəzər İqtisadi Forumundan nə gözləmək olar? - Ekspert

"Siyasi maraqların toqquşması Xəzəryanı ölkələr arasında normal iqtisadi qərarların qəbulunda müəyyən maneələr yaradır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Tehranda başlanan Üçüncü Xəzər İqtisadi Forumu barədə danışarkən deyib.

Natiq Cəfərli bildirib ki, Xəzər İqtisadi Forumu bu günə qədər ard-arda bir neçə dəfə keçirilib. Burada əsas məsələ Xəzəryanı dövlətlərin iqtisadi inteqrasiyasını təşkil etməkdir:



"Amma problem odur ki, Xəzəryanı ölkələrin öz aralarındakı münasibətlərdə də bəzi problemlər mövcuddur. Buradakı dövlətlər arasında müəyyən maraq toqquşmaları da var. Lakin əməkdaşlıq üçün də kifayət qədər geniş əlaqələr var. Məsələn, Türkmənistan qazının İran üzərindən Azərbaycana, buradan da Avropaya nəqli əsas müzakirə məsələlərindəndir. Şimal-Cənub dəhlizinin nəqliyyat koridorunun açılması da müzakirələrdə mühüm yerlərdən birini tutur. Yeni loqistik xətlərin açılmasında Azərbaycan körpü rolunu oynaya bilər. Ona görə də Azərbaycanın  həmin formatda iştirakı normaldır. Sadəcə, bəzi hallarda siyasət Xəzəryanı dövlətlərin iqtisadi maraqlarına maneə olur. Yəni siyasi maraqların toqquşması normal iqtisadi qərarların verilməsində müəyyən əngəllər yaradır. Məsələn, yolların açılması hamıya sərf edir, amma siyasi məsələlər, yollara nəzarət, tarif siyasəti, bütün bunlar hamı üçün iqtisadi cəhətdən sərfəli olan layihələrin gecikməsinə səbəb olur".
 
Qeyd edək ki, bu ilin fevralın 17-18-də İranın paytaxtı Tehran şəhərində Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək. Bu barədə "Mehr" agentliyi məlumat yayıb. 

Forumda Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan baş nazirləri iştirak edəcək. Tədbir barədə məlumat verən İranın Ticarət İnkişafı Təşkilatının Mərkəzi Asiya İdarəsinin baş direktoru Əkbər Qudarinin sözlərinə görə, forumda iqtisadi, ticarət, elmi-texniki əməkdaşlıq, səhiyyə, enerji, maliyyə, turizm, azad  ticarət zonalara investisiya qoyuluşunun artırılması, Xəzər dənizi ilə bağlı logistika məsələlərinin nailiyyətləri, son vəziyyətlə tanışlıq məsələləri müzakirə ediləcək. İdarə rəhbəri qeyd edib ki, forumda yekun bəyanat imzalanacaq. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->