Dünya 15:38 24.11.2022

Ukrayna ilə Rusiya arasında BƏƏ-də gizli görüş - Nələr müzakirə edilib?

Rusiya və Ukrayna nümayəndələri aprelin sonundan bəri ilk dəfə birbaşa danışıqlarını keçiriblər, bu danışıqlarda tərəflər hərbi əsirlərin mübadiləsi və müvafiq olaraq Ukrayna boru kəməri ilə rus ammonyakının ixracını müzakirə ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” üç məlumatlı mənbəyə istinadən yazır.

Agentliyin məlumatına görə, görüş noyabrın 17-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Fars körfəzi ölkələri və BMT-nin vasitəçiliyi ilə baş tutub. Eyni zamanda, adının çəkilməsini istəməyən mənbələr danışıqlarda Kiyev və Moskvadan kimin iştirak etdiyini, həmçinin hansı irəliləyişin əldə edildiyini açıqlamayıblar.

Ukrayna tərəfi məhbusların müqabilində Rusiyaya öz ərazisindən ammonyak ixracını bərpa etməyə icazə verməyə hazırdır. Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar "Hərbi əsirlərimizin azad edilməsi Rusiya ammonyakının ixracının açılması üzrə danışıqların bir hissəsidir", - deyib və əlavə edib ki, Kiyev bunu "hər fürsətdə" etmək üçün imkan axtarır.

Səudiyyə Ərəbistanı döyüşlər zamanı Rusiya tərəfindən əsir götürülmüş əcnəbilərin azad edilməsini təmin etdikdən sonra BƏƏ Ukraynadakı münaqişənin həlli üçün diplomatik addımlar atmağa başlayıb. Əbu-Dabi Qərbin təzyiqlərinə baxmayaraq, Moskva ilə yaxşı münasibətlər saxlayır. BƏƏ prezidenti Mohammed bin Zayed al-Nahyan keçən ay Moskvaya səfər edərək, Putinlə ammonyak sazişi üzrə vasitəçilik imkanlarını müzakirə edib, bu barədə iki mənbə "Reuters” agentliyinə bildirib.

Bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin "Uralxim”in yaradıcısı Dmitri Mazepinlə Tolyattidən Odessaya gedən ammonyak boru kəmərinin blokadasının açılmasını müzakirə edib. Biznesmen BMT ilə taxılla bağlı memorandumda blokadanın açılması ilə bağlı bənd olduğunu xatırladıb və Putindən ammonyakın ixracını müvəqqəti açmaq üçün kömək istəyib. O, məhsulun inkişaf etməkdə olan ölkələrə və Afrikaya da gedəcəyini vurğulayıb.

"Parametrlər var, rəqəmlər məlumdur, həcmlər aydındır. Bu prosesin bütün iştirakçılarının xeyri də aydındır”, - deyə Putin bildirib və bu məsələni BMT ilə müzakirə edəcəyinə söz verib. "Baxaq görək bundan nə alınır. Siz mənim mövqeyimi bilirsiniz, mən etiraz etmirəm, buyurun”, - o əlavə edib.

Ukrayna ərazisindən keçən boru kəməri ildə 2,5 milyon tona qədər qaz formasında ammonyakı Rusiyanın Volqa bölgəsindən Ukraynanın Qara dənizdəki Yujnı limanına nəql edə bilər. Rusiya Ukraynanı işğal etdikdən sonra kəmər bağlanıb. Ukrayna prezidenti Volodimir Zelenski açıq şəkildə bəyan edib ki, ammonyak ixracının bərpasına icazə verməzdən əvvəl Rusiya Nikolayev limanını yenidən açmalı və hərbi əsir mübadiləsi aparmalıdır.

Nizami Bağırov