Dünya 17:00 08.11.2022

Ukraynanın üzvlüyü Aİ-də gec balansını dəyişəcək - Bəzi ölkələr narahatdır

Avropa İttifaqına üzv olan bəzi ölkələr Ukraynanın quruma daxil olmasının blokdakı güc balansını şərqə doğru dəyişəcəyindən ehtiyat edir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Welt” yazıb.

Nəşr bildirib ki, Kiyevdə insanlar bloka qəbul meyarlarına cavab vermək üçün çox çalışırlar, lakin əsas üzv dövlətlər tərəddüd edir.

"Bunun arxasında təkcə korrupsiya və məhkəmə sistemi ilə bağlı qorxular deyil, həm də strateji səbəb var”, deyə məqalədə qeyd edilir.

"Welt” yazır ki, Ukrayna Aİ-yə daxil olarsa, bu, blokun beşinci ən böyük ölkəsi olacaq: "Qərarların ixtisaslı səs çoxluğu ilə qəbul edildiyi Aİ Şurasında Kiyev səslərin 9%-ni alacaq".

Berlindəki SWP analitik mərkəzinin Avropa üzrə eksperti Nikolay fon Ondarza hesablayıb ki, bu yolla Almaniyanın səsvermə çəkisi 18,6%-dən 16,9%-ə düşəcək - Ukraynanın Polşa ilə birlikdə əldə edəcəyi səslər qədər.

Hətta Kiyevin 52-dən 59-a qədər mandata sahib olacağı Avropa Parlamentində də islahat daha böyük dövlətlərin payları hesabına aparılacaq: "Ukrayna yeni güc mərkəzinə çevriləcək və güc balansını şərqə dorğu dəyişəcək. Kiyevdə bu barədə bilirlər".

Ukraynanın baş naziri Denis Şmiqal daha əvvəl bildirib ki, Ukrayna 2022-ci ilin sonuna kimi namizəd statusu verərkən Avropa Komissiyasının bütün yeddi şərtini yerinə yetirmək və Aİ-yə üzvlüklə bağlı danışıqlar prosesinə keçmək niyyətindədir.

Baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişinanın sözlərinə görə, Ukrayna beş il ərzində Avropa İttifaqına üzv olmağı gözləyir.

Xatırladaq ki, Aİ liderləri iyunun 23-də keçirilən sammitdə Ukrayna və Moldovaya Aİ-yə namizəd statusunun verilməsini dəstəkləyiblər.

Nizami Bağırov