Dünya 18:25 02.05.2022

Volodin: "Ukraynaya silah verən ölkələr münaqişənin tərəfinə çevrilir"

"Ukraynaya silah verən ölkələrin başçıları cinayət məsuliyyətinə cəlb edilməli olan hərbi cinayətkarlardır". 

Qaynarinfo kommersant.ru-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin "Telegram" kanalında yazıb.

Duma sədri xəbərdarlıq edib ki, Kiyevi silahla təmin etməklə onlar münaqişənin tərəfinə çevrilirlər və problemlə üzləşə bilərlər:

"Almaniya başda olmaqla bir sıra Avropa dövlətlərinin rəhbərləri öz xalqlarını böyük problemlərə sürükləyə bilərlər. Ukraynaya silah verməklə, onlar münaqişənin tərəfinə çevrilirlər.

Onun sözlərinə görə, indi bu ölkələr Ukraynada insanların ölümü üçün hər şeyi edir və öz hərəkətləri ilə dünyanı fəlakətə sürükləyirlər. Volodin hesab edir ki, silah tədarükü haqqında qərar qəbul edən bütün dövlət başçıları "özlərini ləkələyiblər" və "hərbi cinayətkarlar" kimi cavab verməlidirlər.

Qeyd edək ki, ötən gün Almaniya Ukraynaya ağır silahlar vermək qərarına gəlib. Böyük Britaniya silah və hərbi texnika tədarükünü artıracağına söz verib. Fransa humanitar yardımı və müdafiə silahlarının tədarükünü artırmağı planlaşdırır. Aprelin 28-də ABŞ prezidenti Co Bayden Konqresdən Ukraynaya 33 milyard dollarlıq yeni yardım paketini təsdiq etməyi xahiş edib.

Aydın