Ölkə 16:00 23.05.2023

Xudat sakinləri jurnalist Cəmil Məmmədli üçün ölkə rəhbərliyinə müraciət etdi

Xaçmaz rayonunun Xudat qəsəbəsinin 40-a yaxın sakini Azərbaycan prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək yerli jurnalist Cəmil Məmmədliyə qarşı təzyiqlərə son qoyulmasına  köməklik göstərməyi xahiş ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Turan" məlumat yayıb.

"Jurnalist Cəmil Məmmədli Xaçmaz rayonunda və ümumilikdə regiondakı qanunsuzluqları, mənfi halları işıqlandırır. O, rayonun çətinliklərlə üzləşən hər bir sakininə yardım göstərməyə çalışır", - müraciətdə deyilir.

Məmmədli uzun illərdir ölkənin şimal bölgəsində jurnalistika ilə məşğul olur. Əvvəllər "Azadlıq” radiosu ilə əməkdaşlıq edib, son illərdə müstəqil jurnalist kimi çalışır.

Bundan öncə onu diffamasiya üzrə islah işlərinə məhkum ediblər. İddianı Quba rayonunun icra başçısı qaldırıb.

Bu ilin əvvəlində ona qarşı böhtan və təhqir ittihamı ilə bir neçə məhkəmə işi başlayıb. Bundan əlavə, xuliqanlıq ittihamı ilə iş açılıb.

Jurnalist bütün ittihamları rədd edir və hesab edir ki, təzyiqdə məqsəd onu susmağa məcbur etməkdir.

Şikayətlərdən birini yerli sakin Fuad Həbibov irəli sürüb. O,  jurnalisti pul tələb etməkdə ittiham edib.  O bildirib ki, Məmmədli ondan 10 min manat alıb və Həbibovun anasının qətlinin üstünün açılmasına kömək edəcəyini vəd edib.

"Bu, tamamilə yalandır. Mənə qarşı Cinayət Məcəlləsinin 178.2-ci (dələduzluq, eyni əməllər bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Həmçinin mənə qarşı 221.2-ci maddə (xuliqanlıq) üzrə iş davam edir. Bu şikayətlər Quba rayonu icra başçısı tərəfindən dövlət vəsaitinin mənimsənilməsinə dair faktları açıqladığımdan sonra verilib və cinayət işlərinə başlanıb.

Açıqlanan videoda Qubada ictimai işlərin təşkilinə ayrılan vəsaitin mənimsənildiyi təsdiqlənib. Guya pul rayon sakinlərinə ödənilib, halbuki, onlar heç nə almayıblar və bunu videomüsahibədə təsdiqləyiblər", - Cəmil Məmmədli deyib.