İşin olması və yuxu saatlarının sayı kimi yaşayış şəraiti vaxtsız ölüm riskinə genetika ilə müqayisədə təxminən 10 dəfə çox təsir göstərir.
Qaynarinfo The Guardian-a istinadla xəbər verir ki, bu nəticəyə "Nature Medicine” elmi jurnalında dərc olunan araşdırmada beynəlxalq alimlər qrupu
gəlib.
Alimlər Britaniya Biobankında saxlanılan təxminən 500 min insan haqqında məlumatı təhlil ediblər. Onlar duz qəbulundan tutmuş həyat yoldaşı ilə birgə yaşamağa qədər 164 amilin vaxtsız ölüm riskinə təsirini araşdırıblar.
Tədqiqatçılar bilavasitə bioloji qocalma ilə bağlı olan 25 amili müəyyən ediblər. Onlar arasında uşaqlıq dövrünə aid amillər – məsələn, anaların hamiləlik zamanı siqaret çəkməsi və 10 yaşında iştirakçıların boyunun qısa olması, həmçinin yetkinlik dövrünə aid amillər – işin olması, gəlir səviyyəsi, yuxu saatlarının sayı və ev sahibi olmaq daxildir.
Alkoqol qəbulu və qidalanma xüsusiyyətləri təhlilə daxil edilməyib, çünki sorğular vasitəsilə onların araşdırılması çətinlik yaradır.
Alimlər müəyyən ediblər ki, vaxtsız ölüm riskinin dəyişkənliyinin təxminən yarısı yaş və cinslə izah olunur.
Bununla yanaşı, yaşayış şəraiti vaxtsız ölümün daha 17%-ni izah edir. Müqayisə üçün, 22 yaşla bağlı xəstəliyə genetik meyillilik cəmi 2%-dən az dəyişkənliyi izah edib.
Ətraf mühitin təsiri ağciyər, ürək və qaraciyər xəstəlikləri riskində genlərdən daha vacib olduğu aşkar edilib.
Lakin süd vəzi və prostat xərçəngi, həmçinin demensiya kimi xəstəliklərdə əks vəziyyət müşahidə olunub. Buna görə bəzi hallarda genetik risk daha əhəmiyyətli rol oynayır.
Xatırladaq ki, araşdırmalara görə, son 20 ildə alkoqol istifadəsi ilə bağlı ölüm halları iki dəfə artıb.
Alpər
Şərhlər