Xəbər lenti

Dünya 18:08 02.09.2025

"Səhranın qızılgülü" hərraca çıxarılır: Neçəyə satılacaq? (FOTO)

Birləşmiş Ərəb Əmirliklərində dekabr ayında keçiriləcək "Sotheby's" hərracında 32 karatlıq parlaq narıncı-çəhrayı rəngli "Səhranın qızılgülü" adlı almaz satışa çıxarılacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "National Jeweler" məlumat yayıb.

Hərrac evinin açıqlamasına görə, bu daş indiyədək qiymətləndirilmiş ən böyük parlaq narıncı-çəhrayı almazdır. Almazın forması armudu xatırladır, rəng çalarları isə gün batımını andırır. Onun çəkisi 31,68 karatdır. Qiymətinin 5-7 milyon ABŞ dolları arasında dəyişəcəyi gözlənilir.
 


Narıncı-çəhrayı almaz bir sahibkara məxsus, ümumi dəyəri 20 milyon dollardan çox olan zinət əşyaları və saat kolleksiyasının ən dəyərli nümunəsi kimi təqdim olunur. Bu kolleksiyaya digər nadir almazlar, qiymətli daşlar, eləcə də məşhur zərgərlərin və ustaların vintaj və müasir əsərləri daxildir.

Hərracda həmçinin "Rolex Oyster Albino Daytona, ref. 6263" markalı saat da satışa çıxarılacaq. Dünyada yalnız bir neçə nüsxəsi mövcud olan bu modelin bir vaxtlar məşhur müğənni və gitarist Erik Kleptona məxsus olduğu bildirilir. Saatın ilkin qiymətləndirilməsi 500 min – 1 milyon dollar aralığında müəyyən olunub.
 


Bu arada qızıl bazarında da tarixi rekord qeydə alınıb. Qiymət bir troya unsiyası üçün 3508,70 dollara çatıb və ekspertlər artımın 2026-cı ilin ortalarınadək davam edəcəyini proqnozlaşdırırlar. Oxşar yüksəliş gümüş bazarında da müşahidə olunur. Analitiklər bu tendensiyanı geosiyasi gərginlik və ABŞ prezidenti Donald Trampın Federal Ehtiyat Sisteminə yönəlmiş tənqidləri ilə əlaqələndirirlər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->