1975-ci ilin may ayında ABŞ Hərbi Dəniz Qüvvələri USS Nimitz (CVN-68) aviadaşıyıcısını xidmətə qəbul etdi. Donanmanın bütün gəmiləri kimi o da görkəmli şəxsiyyətin – donanma admiralı Çester Uilyam Nimitsin adını aldı. 2025-ci ilə olan vəziyyətə görə USS Nimitz ABŞ-ın hələ də xidmətdə olan ən qədim aviadaşıyıcısıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "SlashGear”
yazır.
Nəşrin qeyd etdiyi kimi, Nimits ABŞ Hərbi Dəniz Qüvvələrinin üçüncü donanma admiralı olub. İkinci Dünya müharibəsindəki döyüş təcrübəsinə görə o, həmin dövrün ən görkəmli sərkərdələri ilə yanaşı qoyulur. O, Sakit okean donanmasına rəhbərlik edib və qüvvə və resursların kəskin çatışmazlığı şəraitində Yaponiyaya qarşı müttəfiqlərin qələbəsində həlledici rol oynayıb.
"Pearl Harbor”a qəfil hücumdan sonra məhz Nimits donanmanın strukturunu yenidən quraraq, məhv edilən və ya ağır zədələnən zirehli gəmilər əvəzinə aviadaşıyıcılara və qüvvələrin cəmlənməsinə üstünlük verdi. Məqalədə bildirilir ki, ümumilikdə "Nimitz” sinfindən 10 gəmi istismara verilib. Onların yerini tədricən Gerald R. Ford sinfi aviadaşıyıcıları alsa da, bu tip gəmilərin əksəriyyəti hələ bir neçə il sırada qalacaq. ABŞ-ın "Nimitz”i donanmadan çıxarması 2026-cı ilə planlaşdırılıb.
Nimitsin döyüş təcrübəsi
Nimits döyüş bacarıqlarını Hərbi Dəniz Kollecində qazanıb. Ona döyüş meydanına nəzarəti ələ almağı və düşməni daim gərginlikdə saxlamağı öyrədirdilər. O, müharibə aparmağın dörd prinsipinə sadiq qalırdı: mövcud qüvvələrin hamısını maksimum enerji ilə istifadə etmək; həlledici zərbənin endiriləcəyi yerdə üstün qüvvələri toplamaq; vaxt itkisinə yol verməmək; əldə edilən hər bir üstünlüyü maksimum enerji ilə inkişaf etdirmək.
Müharibənin əvvəlində Yaponiyanın Sakit okeandakı qüvvələri çox böyük idi və ABŞ burada əhəmiyyətli donanma saxlayırdı. Amerika müharibəyə qoşulduqda, Nimits qüvvələrin cəmlənməsinə önəm verərək, çoxsaylı aviadaşıyıcıların və dəstək gəmilərinin iştirakı ilə genişmiqyaslı əməliyyatlara üstünlük verdi.
Ən parlaq hadisə Miduey döyüşü oldu. Burada o, üç aviadaşıyıcı, səkkiz kreyser, 18 esmines, 19 sualtı qayıq və digər gəmiləri, həmçinin gəmilərdən və quru bazalarından yüzlərlə təyyarəni cəlb etmişdi.
Əməliyyat riskli olsa da, döyüş ABŞ-ın Yaponiya üzərində qəti qələbəsi ilə nəticələndi və müharibədə dönüş nöqtəsi oldu. Nimits həmçinin kəşfiyyat məlumatlarından məharətlə istifadə edərək düşməni çaşdırırdı. Onun taktiki və strateji bacarıqları ABŞ-ın qələbəsinə böyük ölçüdə təsir etdi. Aviadaşıyıcı sinfinin onun adını daşıması isə çoxsaylı ehtiram nümunələrindən yalnız biridir.
Nimitsin adı başqa yerlərdə də yaşayır
Admiral Nimits Texas ştatının kiçik Frederikburq şəhərində doğulub böyüyüb və orada bu gün də ən hörmətli şəxslərdən biri sayılır. Burada Sakit okean müharibəsi üzrə Milli Muzey yerləşir. O, Smitson İnstitutunun filialıdır və Amerika Muzeylər Alyansı tərəfindən akkreditasiya olunub. Muzeydə Nimitsin həyatına və xidmətinə həsr olunmuş ayrıca ekspozisiyalar, həmçinin USS "Nimitz”in genişmiqyaslı rekonstruksiyası var.
Nimitsin adı ABŞ-da "Nimitz Freeway” (I-880) və "Nimitz Highway” (Route 92) magistrallarına, Quam adasında "Nimitz” təpəsinə (birgə Marian adaları regionunun komandanlıq qərargahının yerləşdiyi yer), bir sıra təhsil müəssisələrinə və hətta Antarktidada bir buzlağa verilib.
Alpər
Şərhlər