Xəbər lenti

Alimlər Yer tarixində gizli zaman sərhədini aşkar etdi
Dünya 21:10 02.09.2025

Alimlər Yer tarixində gizli zaman sərhədini aşkar etdi

Yer kürəsinin geoloji xronologiyası, əvvəllər təsadüfi hesab olunan kütləvi məhvolmalar, təkamül sıçrayışları və iqlim fəlakətləri ilə deyil, yüz milyon illəri əhatə edən dəqiq strukturlaşdırılmış bir ritmlə formalaşıb. Bu qənaətə Vilnüs Universitetinin professoru Andrey Spiridonovun rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu gəlib. 

Qaynarinfo xəbər verir ki, araşdırma "Earth and Planetary Science Letters" jurnalında dərc olunub.

Uzun müddət alimlər hesab edirdilər ki, planetdəki əsas hadisələr – kütləvi məhvolmalar, təkamül partlayışları və qlobal iqlim dəyişiklikləri – epizodik baş verib. Lakin yeni tədqiqat göstərib ki, bu yanaşma natamamdır. Araşdırmada Yer tarixinin dərin qatları dəqiq və strukturlaşdırılmış riyazi şablona uyğun olduğu ortaya çıxıb.

Mütəxəssislər müxtəlif geoloji zaman xətləri – Beynəlxalq geoxronoloji xəritə, həmçinin qraptolitlər, ammonitlər və konodontlar kimi fosillərə əsaslanan ölçüləri təhlil ediblər. Nəticədə, geoloji dövrlərin sərhədlərinin təsadüfi deyil, sıx qruplar şəklində yarandığı, bu qrupları isə uzunmüddətli nisbi sakitlik dövrlərinin izlədiyi müəyyən edilib.

Bu hadisələrin arxasında "multifraktallar" adlı riyazi konsepsiya dayanır – müxtəlif zaman miqyaslarında təkrarlanan naxışlar. Tədqiqatçılar müəyyən ediblər ki, Yer tarixində əsas dəyişikliklər arasındakı fasilələr məhz bu məntiqə tabedir. Onların hazırladığı yeni model göstərir ki, kiçik pozuntular daha böyük proseslərin içərisindədir və bu iyerarxiya geoloji zamana yayılır.

Bu strukturlar indiyədək görünməz qalıb, çünki yüz milyonlarla, hətta milyardlarla ili əhatə edən qanunauyğunluqları yalnız böyük məlumat bazaları və dəqiq modelləşdirmə ilə görmək mümkündür.

Araşdırmanın ən mühüm nəticələrindən biri isə "zaman sərhədinin" müəyyən olunmasıdır. Alimlərə görə, Yer tarixində dəyişkənliyi izləmək üçün ən azı 500 milyon il, ideal halda isə təxminən 1 milyard illik dövr lazımdır. Yalnız bu zaman miqyası planetin uzunmüddətli sakitlik dövrləri ilə qəfil xaos arasındakı bütün spektrini əhatə edə bilər.

Alimlər vurğulayırlar ki, ayrı-ayrı hadisələrə – asteroid toqquşmaları və ya vulkanik qışlara – deyil, onların daha geniş struktur kontekstinə baxmaq vacibdir. Yer tarixini yalnız anomaliyalar deyil, uzunmüddətli transformasiya dövrləri formalaşdırır və onlar ölçülə bilən qanunauyğunluqlar yaradır.

Bu anlayışın dərinləşməsi gələcək iqlim və planetar sistem modellərinin dəqiqliyini artırmağa kömək edə bilər. Keçmişdəki kataklizmlərin daxili strukturunu tanımaqla alimlər qarşıdakı planetar dəyişiklikləri daha yaxşı proqnozlaşdıra biləcəklər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->