Sənət 15:11 25.11.2022

Yeni direktor danışdı: “Dedim ki, evin sirrini bayıra çıxarmaq olmaz” (MÜSAHİBƏ)

Əməkdar artist İntiqam Soltan Mingəçevir Dövlət Dram Teatrına direktor təyin olunub. Bakı Uşaq və Gənclər Teatrını balası hesab edən İntiqam Soltan sözü gedən kollektivi kimə həvalə edib?

Yeni direktor Qaynarinfo-ya müsahibəsində sözügedən vəzifəyə birdəfəlik getmədiyini vurğulayıb:

- Teatr mənim sahəmdir. Ayaq dırnağın ağrıdı, yaxud bir tükün düşdü, adamı incidir. Azərbaycanın hansı bölğəsində bir çatışmazlıq varsa, bu məni incidir. Məsələt gördülər, dedilər ki, düşünürük, ora sənin köməyin lazımdır. Mən də özümü naza qoymadım, təklifi qəbul etdim. Mingəçevir gözəl məkandır, teatrın istedadlı kollektivi var. Bundan əlavə, yaxşı da binası var. Nədən bu teatrın kollektivi qayğısız qalmalıdır? İnanın ki, iki gündür burdayam, bir xeyli irəliləyiş var. İnsanların teatra olan sevgisini, bir araya gəldiyini görürəm. Sanki hər şeydən incimişdilər, küsmüşdülər, elə biliblər ki, bunları unudublar. Görüş zaman izah verdim ki, sizı heç kəs unutmayıb. Sadəcə olaraq Azərbaycanda kadr çatışmazlığı var. Buna çox təəssüflənirəm. Bu üzdən dəvəti qəbul etməməyə vicdanım yol vermədi. Uşaq və Gənclər Teatrının heç bir üzvü öz işinə laqeyid yanaşmaz. Buna əminəm. Mənim bu teatra gəlməyimlə bağlı məlumat təsdiqlənəndə Uşaq və Gənclər Teatrının tamaşaçıları bir az da artdı. Hər dəqiqə əlaqə saxlayıram, teatrda əvvəlki kimi gərgin iş gedir. Onlar mənim komandamdır və komandası olan rəhbər də basılmazdır. 

- Belə başa düşdüm ki, siz həm də Uşaq və Gənclər Teatrında qalırsınız? 

- Əsas iş yerim Mingəçevir Teatrı olmaqla orda da qalıram. Belə razılaşdıq. Böyük ehtimalla hər şey qaydasına düşəndən sonra yenidən Bakıya qayıdıb qaldığım yerdən öz işimə davam edəcəyəm. Bilirəm ki, bu müddət ərzində Mingəçevir Teatrında məndən qat-qat yaxşı mütəxəssis ortaya çıxacaq və teatrı idarə eləmək istəyini ortaya qoyacaq. Hansı ki, mənim kimi çətinliklərdən qorxmayacaq, yeri gələndə təhlükənin üstünə getməkdən çətinməyəcək bir nəfər olacaq. O zaman Mingəçevir Teatrı qazanacaq. Mən bunu biləndə Mədəniyyət Nazirliyinə təqdimat verəcəm ki, burada yetərincə təcrübəli insan var və bu kürsünün səlahiyyətlərini idarə edə biləcək. 

- Artıq iki gündür Mingəçevir Dövlət Dram Teatrındasınız. Yəqin bu müddətdə teatrın problemləri ilə tanış olmusunuz. Aktyorları küsdürən, teatrdan uzaq salan səbəb nədir? 

- Gələr-gəlməz geniş bir iclas keçirdik. Mənim iş prinsipimdə həftədə bir dəfə iclas keçirmək var. İş prinsipini teatrda vacib hesab edirəm. Teatrın quruluşu elədir ki, bütün kollektiv bir-birini görməyə bilirlər. Bu, yaxşı deyil, odur ki, həftədə bir dəfə üz-üzə görüşüb problemlərimizi dinləməliyik. Bizim ilk görüşümüz əla oldu, sonda bir məsələyə irad bildirdim. Dedim ki, evin sirrini bayıra çıxarmaq olmaz. Sualınıza cavab vermək o deməkdir ki, evimin sirrini özüm çıxarmalıyam. Nə olub-olub, bundan sonra böyük ehtimalla belə hallar təkrarlanmayacaq. Belə bir misal var, əgər cəhrə varsa, iynə də var. Teatrı bilən adam rəhbər olmalıdır. Qrimin iyini gözəl qəbul edən teatrda rəhbər olamlıdır. Mən kollektivlə görüşdə gördüm ki, bu düşüncəmdə yanılmamışam. Gözümə heç bir çətinlik görünməyəcək. 

- Mingəçevir Dövlət Dram Teatrında ilk olaraq nədən başladınız? 

- İlk olaraq böyük bir iməcilik keçirəcəyik. Teatrın həyəti, bağı var, onu təmizləyəcəyik, yeni ağaclar əkəcəyik, Yaşıllaşma İdarəsi ilə əlaqə saxlayıb budama işləri aparacağıq, yeni ağaclar əkəcəyik. Yaxın günlərdə maraqlı layihələrə imza atacağıq. Mono-tamaşalar festivalı keçirəcəyik. Uşaq və Gənclər Teatrı ilə birgə "bir tamaşa iki teatr” layihəsi həyata keçirəcəyik.

Bahar Rüstəmli