Sənət 16:23 12.03.2018

Yeni Dünya Düzəninə Kissincer yanaşması

Rahid Ulusel
 
Dövrümüzün böyük strateq-politoloqlarından Nobel sülh mükafatı laureatı Henri Kissincer beynəlxalq siyasətin praktikasından (təbii ki, həm də ABŞ-ın dövlət katibi kimi zəngin iş təcrübəsindən) və nəzəriyyəsindən çıxış edərək, dünya düzənini ("world order”) formalaşdıran amilləri onların başlıcası – aparıcı dövlətlərin qüvvələr balansı nüvəsində şərh edir və məhz həmin tarazlığın dəyişmə motivləri əsasında beynəlxalq siyasətin tarixi təkamülünü izləməklə onun müasir mənzərəsini yaradır. 

Digər Amerika politoloqlarından (məsələn, Zbiqnev BjezinskiCorc Fridmandan) fərqli olaraq, ABŞ-mərkəzli siyasətdən dünya-mərkəzli siyasətə doğru labüd transformasiyanı görən və bütün ziddiyyətləri ilə birlikdə ölkəsinin dünya demokratiyasının inkişafındakı rolunu obyektiv qiymətləndirən Kissincer müasir beynəlxalq sistemin bundan sonra hansı təsirlər altında hansı dəyişikliklərə uğraya biləcəyi proseslərini də  təsəvvür etməyə imkan yaradır: dünya düzənini strukturlaşdıran "böyük güclərin” balansına "arxa planda” qalan potensial dövlətlərin də qoşulması aktuallaşır. 

Beynəlxalq sistemi təşkil edən həmin subyektlərin daha dönməz və keyfiyyətli demokratikləşməsi – qüvvələr balansının xarakterinə həlledici dərəcədə təsir edir. Qüvvələr balansı orbitinə daxil olan demokratik dövlətlərin çoxalması və sıralarının sıxlaşması dövlətlərarası münasibətlərdə konfliktyaradıcı situasiyaların meydana çıxma ehtimalını minimuma endirir. Beləliklə, bəşəriyyətin siyasi tarixində yeni bir durumun – indiyədək mövcud olmuş, dominantların yaratdığı və hər dəfə də yeni güclərin meydana gəlməsi ilə dəyişmələrə məruz qalan, hətta alt-üst olan dayanıqsız dünya düzəni əvəzində demokratik dünya düzəninin təməli qoyulur. Beynəlxalq siyasətin konstruktivləşməsinin və buna paralel şəkildə beynəlxalq hüququn demokratik dünya düzəni modelində konstitusiyalaşdırılmasının açar ideyası budur.