Xəbər lenti

Yeni savaş ehtimalı - Şimali Koreya yarımadaya hücüm edəcəkmi? (ŞƏRH)
Dünya 14:48 03.07.2024

Yeni savaş ehtimalı - Şimali Koreya yarımadaya hücüm edəcəkmi? (ŞƏRH)

"Yaranmış vəziyyətdə yaxın zamanlarda Şimali Koreyanın sözdən əmələ keçərək, Koreya yarımadasında hücuma keçəcəyi istisna olunmur". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tofiq Abbasov Rusiya prezidenti Vladimir Putinin Pxenyana səfərinin ardınca Koreya yarımadasında gərginliyin artmasına münasibət bildirərkən deyib.

"Koreya yarımadasında vəziyyət hər zaman gərgin olaraq qalıb. 38-ci paraleldə hər iki dövlət qoşun saxlayır. Yarımada ilə bağlı ABŞ və Yaponiyanın da maraqları var. ABŞ-ın Cənubi Koreyada 20 mindən artıq hərbiçisi yerləşir. Şimali Koreya rəhbərliyi də bunu özü üçün təhdid sayır. Koreya yarımadasında da eskalasiya artır. Bu yaxınlarda Kim Çen Inın təşəbbüsü ilə Şimali Koreyanın əsas qanununda bəzi dəyişikliklər edildi. Nəticədə Cənubi Koreya ilə sülh sazişilə bağlı bütün müddəalar əsas qanundan çıxarıldı. Rəsmi Pxenyan faktiki olaraq müharibə variantını rəsmiləşdirdi", deyə Tofiq Abbasov bildirib.
 


Həmsöhbətimiz deyib ki, Putin də Pxenyana təsadüfi olaraq getməyib:

"Bir çox məsələlərdə Moskva, Pekin və Pxenyanın mövqeləri üst-üstə düşür. Rusiya Pxenyana nüvə texnologiyasının inkişafında yardım edir. Çin də öz növbəsində Şimali Koreyaya yardımlar göndərir. Moskva və Pekin Pxenyanı özlərinin ən etibarlı müttəfiqləri kimi dəyərləndirirlər".

Politoloqun fikrincə, Qərb Rusiya üçün Ukrayna ətrafında problemlər yaratdığı kimi, öz növbəsində Putin də ABŞ üçün Koreya yarımadası və Sakit okean bölgəsində başağrısı yaratmaq niyyətindədir: 

"Yaranmış vəziyyətdə yaxın zamanlarda Şimali Koreyanın sözdən əmələ keçərək, hücuma keçəcəyi də istisna olunmur. Şimali Koreyanın təhlükəsizlik konsepsiyasında Cənubi Koreyanı azad etmək kimi müddəa var. Pxenyan bunu heç gizlətmir. Şimali Koreya istəsə, ABŞ üçün də böyük problemlər yaradacaq. Moskva da bu prosesdə Pxenyanın yanında olacaq. Burada Çinin də rolu vacibdir. Moskva-Pekin-Pxenyan üçbucağında silah birliyi formalaşır. Bundan sonra prosesin necə gedəcəyi Kim Çen Inın hərəkətlərindən asılı olacaq". 

Qeyd edək ki, Putinin Şimali Koreyaya səfərindən sonra Koreya yarımadasında da gərginlik artıb. Cənubi Koreya altı ildə ilk dəfə olaraq Koreya Xalq Demokratik Respublikası ilə sərhəd yaxınlığında yerləşən atış poliqonlarında atışı bərpa edib. 

Məlumatda qeyd olunur ki, artilleriya təlimləri Kyonqqi və Qanqvon əyalətlərində baş tutub. Atışlar K-9 özüyeriyən artilleriya qurğularının iştirakı ilə baş tutub. Bu addım Şimali Koreyanın zibil şarları göndərməsindən sonra Cənubi Koreyanın iyunun 4-də 2018-ci il Koreyalararası hərbi sazişi tamamilə dayandırmasından təxminən bir ay sonra baş verib. Qeyd edək ki, mayın 29-da Şimali Koreya cənub qonşusunun ərazisinə zibil və peyinlə doldurulmuş 150-dən çox şar göndərib. Proses onu göstərir ki, Putinin Pxenyan səfərinin ardınca Koreya yarımadasında da gərginlik artmaqdadır. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->